Xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev Polşa Baş nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də Polşa Respublikası Baş nazirinin müavini, iqtisadiyyat naziri, Azərbaycan-Polşa iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Polşa tərəfindən həmsədri Yanuş Pexoçinskinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan ilə Polşa arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan Prezident İlham Əliyev ölkələrimizin ticarət dövriyyəsinin artdığını da məmnunluqla qeyd etdi. Dövlətimizin başçısı ölkələrimizin iqtisadi, sərmayə qoyuluşu və digər sahələrdə əməkdaşlığının genişləndirilməsi üçün də böyük potensialın olduğunu dedi. Prezident İlham Əliyev ikitərəfli əlaqələrimizin inkişafının regional əməkdaşlıq baxımından önəmini qeyd etdi. Dövlətimizin başçısı Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasının uğurlu olacağına əminliyini bildirdi.
Azərbaycanda gedən böyük inkişaf proseslərinin onlarda dərin təəssürat yaratdığını deyən Yanuş Pexoçinski əldə olunan uğurlar münasibətilə dövlətimizin başçısını təbrik etdi. O, Polşa Respublikasının Prezidenti Bronislav Komorovskinin və Polşanın Baş naziri xanım Eva Kopaçın salamlarını dövlətimizin başçısına çatdırdı. Ölkələrimiz arasında qarşılıqlı iqtisadi münasibətlərə toxunan Yanuş Pexoçinski Azərbaycana özü ilə Polşa iş adamlarından ibarət böyük nümayəndə heyəti ilə səfər etdiyini vurğuladı və ölkəmizin əməkdaşlıq üçün cəlbedici olduğunu məmnunluqla qeyd etdi. Yanuş Pexoçinski Azərbaycanda qeyri-neft sektorunda əldə edilən uğurların da ölkəsində maraqla izlənildiyini dedi.
Dövlətimizin başçısı Prezident Bronislav Komorovskinin və Baş nazir xanım Eva Kopaçın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Polşanın dövlət başçısına və Baş nazirinə çatdırmağı xahiş etdi.