YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Beynəlxalq Atçılıq Federasiyası Baş Assambleyasının iştirakçıları üçün kokteyl-gecə təşkil edilib

Beynəlxalq Atçılıq Federasiyasının (FEI) prezidenti, İordaniya Şahzadəsi xanım Haya Bint Al Hüseyn FEI-in Bakıda keçirilən Baş Assambleyasının iştirakçılarının şərəfinə “Dağüstü Park Cafe”də xüsusi kokteyl-gecə təşkil edib.
Gecəyə Azərbaycan Atçılıq Federasiyasının (ARAF) prezidenti, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev, FEI-in, milli federasiyaların nümayəndələri və fəxri qonaqlar qatılıb.
ARAF-dan verilən məlumata görə, gecədə qonaqlara Azərbaycan mətbəxinin nəfis təamları, o cümlədən milli şirniyyatları təqdim edilib.
Gecə həm də ona görə xüsusi əhəmiyyət kəsb edirdi ki, xanım Haya Bint Al Hüseyn 2006-cı ildən rəhbərlik etdiyi FEI-nin prezidentliyinə növbəti dəfə namizədliyini irəli sürməyib.
Bu axşam isə “Buta Palace”da FEI və ARAF tərəfindən tədbirin qala-gecəsi birgə təşkil olunacaq. Gecədə ilin ən yaxşı idmançısı, məşqçisi, mehtəri, komandası, gənc idmançısı və s. kimi nominasiyalar üzrə təltifetmə mərasimi keçiriləcək.
Qeyd edək ki, dekabrın 11-14-də Bakıda ARAF-ın dəvəti ilə FEI-nin ali orqanı olan Baş Assambleyanın illik iclası keçirilir. İclasda FEI-nin 350-dən çox nümayəndəsi və 110 ölkədən fəxri qonaqlar iştirak edirlər. Bu, indiyədək keçirilmiş Baş assambleyalar tarixində rekord göstəricidir.
FEI-nin Baş Assambleyasının iclası dünyada atçılıq idmanı sahəsində mühüm hadisələrdəndir. Hər il müxtəlif şəhərlərdə keçirilən tədbir bu il ilk dəfə Bakıda təşkil olunur. Bütün atçılıq milli federasiyalarının nümayəndələrinin toplaşdıqları forumda atçılıq idmanı qaydalarının inkişafının ən əhəmiyyətli məsələləri, maliyyələşmə problemləri, idarəetmə məsələləri və s. müzakirə edilir, qərarlar qəbul olunur.
Baş Asambleya çərçivəsində ARAF tərəfindən Bakıda “Mangal Steak House” restoranında FEI-nin Baş Assambleyası iştirakçılarının şərəfinə “Azərbaycana xoş gəlmişsiniz!” adlı qala-ziyafət təşkil olunub. Bayram gecəsinin qonaqlarına Azərbaycan milli mətbəxinin nəfis təamları təqdim edilib. Gecədə xalq musiqisi, muğam və rəqs kollektivlərinin iştirakı ilə konsert proqramı keçirilib.
Qonaqların Bakı şəhəri ilə yaxından tanış olması üçün şəhər turları da təşkil olunub. Gəzintilər Xalça Muzeyini, Dövlət Bayrağı Meydanını, Heydər Əliyev Mərkəzini və Qala Tarixi Muzey Kompleksini əhatə edib.