YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP İcra Katibliyində Yeni Azərbaycan Partiyasının könüllülərinin toplantısı keçirilib

Fevralın 21-də YAP İcra Katibliyində Yeni Azərbaycan Partiyasının könüllülərinin toplantısı keçirilib. 

Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədovun, partiyanın İdarə Heyətinin və Siyasi Şurasının üzvlərinin iştirak etdiyi toplantıda əvvəlcə Yeni Azərbaycan Partiyasının könüllülərinin fəaliyyətinə həsr olunmuş video-çarx nümayiş etdirilib. 

Sonra çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov bildirib ki, Azərbaycanın sürətli inkişafı, ictimai həyatın bütün sahələrində əldə etdiyi nailiyyətlər dövlət gənclər siyasətində də özünü bariz şəkildə göstərir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin uğurlu siyasətinin ən mühüm istiqamətlərindən biri cəmiyyətin fəal təbəqəsi olan gənclərin yüksək dövlət qayğısı ilə əhatə olunmasıdır. Ümumiyyətlə, Azərbaycanda həyata keçirilən gənclər siyasəti özünün mütərəqqiliyi ilə fərqlənir, başqa sözlə, dünyada nümunə kimi çıxış edir. Öz növbəsində, Azərbaycan gəncləri də ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edirlər. Ən əsası, Azərbaycan gəncləri ölkəmizin milli maraqlarının keşiyində durublar, öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər.

S.Orucov deyib ki, bu gün ölkəmizi beynəlxalq miqyasda uğurla təmsil edən, eyni zamanda, respublikamızın ictimai-siyasi, iqtisadi həyatında fəal rol oynayan Azərbaycan gəncləri vətənpərvər, yüksək intellektli, milli mənəvi dəyərlərinə, tarixi köklərinə, dövlətə və Vətənə sadiq olmaqla yanaşı, ictimai-siyasi məsələlərlə bağlı əsl vətəndaşlıq mövqeyindən çıxış edərək yüksək fəallıq və təşəbbüskarlıq göstərirlər. O qeyd edib ki, ölkəmizdə gənclər siyasətinin səmərəliliyini təmin edən mühüm amillərdən biri könüllülük fəaliyyətinə xüsusi diqqət göstərilməsidir: “Könüllülük insanları vahid məqsəd  ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatlardan biridir. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyətində könüllülər hərəkatına böyük önəm verilir. Dövlət başçısı tərəfindən 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan olunması bunun bariz ifadəsidir”.

YAP Gənclər Birliyinin sədri partiyanın gənclərinin də könüllülər hərəkatında fəal iştirak etdiyini və çoxsaylı layihələrdə fəal iştirak etdiyini diqqətə çatdırıb. S.Orucov bu prosesdə partiyanın rəhbərliyinin gənc könüllülərə lazımi dəstək verdiyini söyləyib.

Tədbirdə həmçinin, YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin sədri Kamran Abbasov, YAP Tərtər rayon təşkilatı  Gənclər Birliyinin sədri Turanə Məmmədzadə, YAP Ucar rayon təşkilatı  Gənclər Birliyinin sədr müavini İnci Əhmədzadə və YAP Oğuz rayon təşkilatı  Gənclər Birliyinin sədri Elşən Alcansoy çıxış edərək Prezident İlham Əliyev tərəfindən 2020-ci ilin Azərbaycanda “Könüllülər ili” elan olunmasının əhəmiyyətini bildirib, YAP könüllülərinin fəaliyyətindən ətraflı bəhs ediblər.

Sonda YAP-ın könüllüləri müxtəlif nominasiyalar üzrə mükafatlandırılıblar.