Xəbərlər
RF Federasiya Şurasının müşahidə missiyası: Bakının hüdudlarından kənarda keçirilən seçkilər heç də paytaxtdan geri qalmayıb
Dünən Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkilər çox düzgün təşkil olunub. Biz Bakıda 3 gün fəaliyyət göstərdik. Bu müddətdə beynəlxalq təşkilatlar, xüsusən MDB Parlamentlərarası Assambleyası çərçivəsində monitorinqdə iştirak etdik. Dünən təkcə Bakıda deyil, paytaxt hüdudlarından kənarda yerləşən 11 seçki məntəqəsində olduq. Saat 18:45-də biz Mərdəkan qəsəbəsindəki seçki məntəqəsini ziyarət etdik. Bizim gördüklərimiz deməyə əsas verir ki, Bakıdan kənarda keçirilən seçkilər heç də paytaxtdan geri qalmırdı.
Bu barədə fevralın 10-da Milli Məclisə keçirilən seçkilərin yekunlarına həsr olunan mətbuat konfransında RF Federasiya Şurasının müşahidə missiyasının rəhbəri, Federasiya Şurasının elm, təhsil və mədəniyyət komitəsinin sədri Liliya Qumerova bəyan edib.
Onun sözlərinə görə, bütün seçki məntəqələrində çox mükəmməl iş gedirdi, dairə komissiyaları sədrlərinin yüksək peşəkarlığı hiss olunurdu: “Bizim ziyarət etdiyimiz bütün məntəqələrdə kamera vasitəsilə müşahidə aparılırdı. Bununla yanaşı, biz xeyli sayda müşahidəçilərin olduğunu və onlar üçün bütün şəraitin yaradıldığını gördük”.
RF Federasiya Şurasının digər üzvü Arkadi Çernetski də Azərbaycanda növbədənkənar parlament seçkilərinin respublikanın qanunvericiliyinə və beynəlxalq normalara ciddi əməl etməklə keçirildiyini qeyd edib. O deyib: “Ciddi və hətta xırda pozuntular barədə belə heç bir şikayət daxil olmayıb”.