YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputatlığa namizəd Hikmət Babaoğlu Nərimanov rayonunun seçiciləri ilə növbəti görüşünü keçirib

Yeni Azərbaycan Partiyasının (YAP) 19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizədi Hikmət Babaoğlu Nərimanov rayonunun seçiciləri ilə növbəti görüşünü keçirib.

Tədbiri açan YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev partiyamızın qarşıdan gələn parlament  seçkilərində qələbə qazanacağına əmin olduğunu bildirib. T.Tağıyev vurğulayıb ki, partiyamız parlament seçkilərinə böyük inamla gedir. O, 19 saylı Nərimanov birinci seçki dairəsindən partiyanın deputatlığa namizədinin növbəti dəfə  Hikmət Babaoğlu olduğunu söyləyib. T.Tağıyev, YAP-ın deputatlığa namizədi Hikmət Babaoğlunun tərcümeyi-halı, əmək və elmi-siyasi fəaliyyəti haqqında geniş məlumat verib.
Görüşdə çıxış edən Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov  seçicilərin hər zaman YAP-ın namizədini dəstəklədiyini bildirib. O, YAP-ın namizədi Hikmət Babaoğlunun fəaliyyəti ilə yaxından tanış olduğunu deyərək, onun millət vəkili, politoloq, həmçinin elm adamı kimi fəaliyyətini yüksək qiymətləndirib: “Veteranların seçimi də YAP-ın namizədi olacaq. Biz inanırıq ki, Hikmət Babaoğlu da bundan sonra da seçiciləri layiqincə təmsil edəcək, ictimai-siyasi proseslərdə fəal iştirak edəcək. Çünki o, Ulu öndər Heydər Əliyevin qurucusu olduğu bir partiyanı təmsil edir. Veteranlar olaraq ona seçkilərdə xeyir-dua veririk”.
Professor Vilayət Əliyev də çıxışında  YAP-ın ölkəmizin ən güclü siyasi qüvvəsi olduğunu bildirib. Nərimanov rayonunda böyük quruculuq işlərinin aparıldığını deyən V.Əliyevin fikrincə, millət vəkillərinin də bu prosesdə payı var. “Hesab edirəm ki, 19 saylı seçki dairəsindən ən uğurlu namizəd Hikmət Babaoğludur. Biz seçkilərdə YAP-ın namizədi olan Hikmət Babaoğluna uğurlar arzulayırıq. Ağsaqqalların xeyir-duasını alan hər işdə qalib gəlir və Hikmət müəllimin də seçkilərdə qalib gələcəyinə inanırıq”, - deyə o qeyd edib.
Görüşdə həmçinin, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin  baş redaktoru Vüqar Rəhimzadə, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Cəmyar Abdullayev çıxış edərək deputatlığa namziəd Hikmət Babaoğlunun fəaliyyəti haqqında fikirlərini bildirib, onun fəaliyyətini yüksək dəyərləndiriblər. Qeyd edilib ki, Hikmət Babaoğlu dövlətçiliyə sadiq, vətənpərvər insandır, Prezident İlham Əliyevinin siyasətinin fəal təbliğatçısıdır. Natiqlər Nərimanov rayon seçicilərini fevralın 9-da keçiriləcək parlament seçkilərində YAP-ın namizədi Hikmət Babaoğluna səs verməyə çağırıblar. Çıxış edənlər seçiiclərin YAP-ın namizədinə səs verəcəyinə və öz növbəsində Hikmət Babaoğlunun da seçicilərin etimadını doğruldacağına əminliyini ifadə ediblər.

19 saylı Nərimanov birinci seçki dairəsindən YAP tərəfindən namizədliyi irəli sürülmüş Hikmət Babaoğlu çıxış edərək görüş iştirakçılarını salamlayıb. Məhz Ulu öndər Heydər Əliyevin qurucusu olduğu YAP-ın üzvü olaraq seçkilərdə namizəd kimi iştirak etdiyi üçün fəxr hissi keçirdiyini bildirən Hikmət Babaoğlu deyib ki, partiya yarandığı vaxtdan bu günədək azərbaycançılıq ideologiyası və müstəqillik prinsipi ilə böyük uğurlar əldə edib. Onun sözlərinə görə, bu yol bundan sonra da eyni ideologiya və prinsip əsasında yeni hədəflərə doğru davam etməkdədir: “Mənim üçün həm şərəf, həm də məsuliyyətdir ki, Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyim irəli sürülüb. Mən bu etimadı doğruldacağıma, sizlərin verəcəyiniz səslərə layiq olacağıma söz verirəm və əminəm ki, bundan sonrakı dövrdə də birlikdə böyük nailiyyətlər əldə edəcəyik. Ona görə ki, Yeni Azərbaycan Partiyasının namizədinin arxasında nəhəng siyasi güc və 750 minə yaxın insanın siyasi iradəsi dayanıb”.
YAP-ın seçkilərə “Daha güclü Azərbaycan naminə!!” şüarı ilə getdiyini deyən deputatlığa namizəd qeyd edib ki, bu, bir növ xalq qarşısında hesabatdır. Onun fikrincə, bu, o deməkdir ki, Azərbaycan öz hədəflərinin, məqsədlərinin bir hissəsinə çatıb. Hazırda isə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz inkişafın yeni mərhələsindədir və qarşıda dövlətimizin daha da gücləndirilməsi vəzifəsi dayanır. Hikmət Babaoğlu Azərbaycanın qarşıya qoyduğu bu hədəfə çatacağına da əminliyini bildirib.

Millət vəkili kimi seçicilərin müraciətlərinin həlli ilə bağlı gördüyü işlər haqda məlumat verən Hikmət Babaoğlu həmçinin siyasi, elmi fəaliyyəti, nəşr etdirdiyi əsərlər barədə də görüş iştirakçılarına ətraflı məlumat verib.

Görüşdə 9 fevral seçkilərində YAP-ın namizədlərinin qalib gələcəyinə əminlik ifadə olunub.