Xəbərlər
Ziyafət Əsgərov növbəti görüşünü Astara rayonunun Əsxənəkəran kəndində keçirib

VI çağırış Azərbaycan Respublikası Milli Məclisinə fevralın 9-da keçiriləcək seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP) irəli sürdüyü namizədlərin təbliğat-təşviqat kampaniyası davam edir.
76 saylı Lənkəran-Astara seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Ziyafət Əsgərov növbəti görüşünü Astara rayonunun Əsxənəkəran kəndində keçirib.
Deputatlığa namizəd Ziyafət Əsgərov görüşdə çıxış edərək əvvəlcə YAP-ın seçki proqramı haqqında, həmçinin ölkəmizdə həyata keçirilən sosial-iqtisadi, hüquqi və struktur islahatları barədə seçicilərə məlumat verib. Deputatlığa namizəd daha sonra Əsxənəkəran kəndinin seçicilərini fevralın 9-da keçiriləcək parlament seçkilərində öz seçki hüquqlarından istifadə etməyə və fəal olmağa çağırıb. Z.Əsgərov həmçinin Əsxənəkəran kəndinin seçicilərinin “Daha güclü Azərbaycan naminə!” şüarı ilə təbliğat-təşviqat kampaniyası aparan YAP-ın namizədinə səs verəcəklərinə əminliyini bildirib.
Astara rayonunun Əsxənəkəran kəndinin seçiciləri görüş zamanı 76 saylı Lənkəran-Astara seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Z.Əsgərova səs verəcəklərini də dilə gətirib, həmçinin qanunverici orqanda vətəndaşları təmsil edənlərə ünvanlanan təklif və tövsiyələrini səsləndiriblər.