YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Davos Forumunun Azərbaycanı Cənubi Qafqazda və Orta Asiyada mərkəz kimi seçməsi böyük hadisədir

Azərbaycanın geosiyasi proseslərdə əsas aktora çevrilməsində vacib rol oynayan iqtisadi layihələr ölkənin təhlükəsizlik maraqlarına söykənir. Bu mənada Azərbaycanın son dövrlərdə regionun nəqliyyat dəhlizinə çevrilməsi məqsədilə atılan addımlar ölkənin siyasi sabitliyini və makroiqtisadi dayanıqlılığını möhkəmləndirərək digər region dövlətləri ilə müqayisədə rəqabətlilik qabiliyyətini də artırır. Nəqliyyat sahəsində həyata keçirilmiş bir sıra layihələr, ölkə ərazisində yeddi aeroportun istifadəyə verilməsi və onların altısının beynəlxalq statusa malik olması bu sahədə həyata keçirilən dövlət siyasətinin nəticəsidir. Davos Dünya İqtisadi Forumunun hesabatında Azərbaycanın hava xidmətlərinə görə 11-ci yerə layiq görülməsi qeyd edilən uğurlu siyasətin nəticəsidir. Bununla yanaşı, Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi, energetika və neft-qaz sahəsində görülən işlər, xüsusilə Avropanın ən böyük infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizinin tikintisi iqtisadi səmərəliliyi ilə yanaşı, ölkə üçün geosiyasi əhəmiyyətə də malikdir. Bununla yanaşı, Xəzərdə ən böyük Ələt Beynəlxalq Dəniz Limanının inşası, gəmiqayırma zavodunun tikintisi və görülən digər işlər ölkəmizin müxtəlif sahələr üzrə strateji inkişafını və regionun ən vacib geosiyasi aktor olmasını təmin edir. Böyük gəlir gətirən bu layihələrin reallaşdırılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, Şərq-Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin yaradılmasında ölkəmizin oynadığı vacib rol onun regional proseslərdəki önəmini bir daha göstərmiş olur. Qeyd edilənlər fonunda Ermənistanın siyasi identifikasiyası onun bu kimi mühüm regional layihələrdən kənarda qalmasına və həyata keçirilən layihələrdən təcrid edilməsinə səbəb olub.

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında da bu məsələlərə toxundu. Dövlət başçısı ölkəmizin strateji əhəmiyyətini, rolunu vurğuladı və xüsusilə Dünya İqtisadi Forumu çərçivəsində Davos Forumu ilə Azərbaycan arasında Dördüncü Sənaye İnqilabı üzrə Bakıda regional mərkəzin yaradılmasını mühüm hadisə kimi qiymətləndirdi. Davos Dünya İqtisadi Forumunun dünyada bir nömrəli Forum olduğunu bildirən Prezident İlham Əliyev onun bu bölgədə, Cənubi Qafqazda, Orta Asiyada Azərbaycanı mərkəz kimi seçməsini böyük hadisə kimi dəyərləndirdi. “Necə ki, Davos Forumu bizi lider kimi görür, biz də lider olmalıyıq. Ona görə ki, bu, gələcək inkişafımız deməkdir. Biz elmi tərəqqini, inkişafı təmin etməliyik, ölkəmizi gələcəyə aparmalıyıq, müasirləşdirməliyik. Beləliklə, hesab edirəm ki, bu hadisə bizim növbəti uğurumuzdur, növbəti qələbəmizdir. Əminəm ki, bundan sonra qələbələrimizin sayı çox olacaq”, - deyə Prezident İlham Əliyev bildirib.