YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İtaliyanın “Geopolitica” onlayn jurnalı “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasını təhlil edib

İtaliyanın “Geopolitica” onlayn jurnalında “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının təhlil olunduğu yazıda qeyd edilir ki, Prezident İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq olunmuş bu sənəd Azərbaycan üçün bütün prioritet istiqamətlərdə əsas inkişaf hədəflərini müəyyənləşdirir.
Məqalədə bildirilir ki, Konsepsiyanın əsas məqsədi Azərbaycanda davamlı iqtisadi artım və yüksək sosial rifah, səmərəli dövlət idarəetməsi və qanunun aliliyi, insanların bütün hüquq və azadlıqlarının tam təmin edilməsi və vətəndaş cəmiyyətinin ölkənin ictimai həyatında fəal statusu ilə səciyyələnən inkişaf mərhələsinə nail olunmasıdır.
Müəllif diqqətə çatdırır ki, Azərbaycan müstəqilliyini bərpa etdiyi ilk illərdə iqtisadi cəhətdən çox böyük çətinliklərlə üzləşdi. Xüsusilə Dağlıq Qarabağ münaqişəsi ölkəni mürəkkəb bir vəziyyətə sürüklədi. Lakin sonrakı dövrdə həyata keçirilən uğurlu siyasət sayəsində, xüsusilə 2005-2011-ci illərdə Azərbaycanda rekord səviyyədə inkişaf müşahidə olundu, zəngin enerji yataqlarından səmərəli istifadə nəticəsində iqtisadiyyat yüksək templə inkişaf etməyə başladı.
Məqalədə qeyd edilir ki, Azərbaycanda müşahidə edilən hazırkı inkişaf prosesinin davamlı olması üçün iqtisadiyyatın şaxələndirilməsi, karbohidrogen ehtiyatlarının ixracından asılılığın aradan qaldırılması və qeyri-neft sektorunun inkişaf etdirilməsi sənəddə ön plana çıxarılan məsələlərdəndir. Digər tərəfdən, Konsepsiyada sənayenin innovasiyalar əsasında inkişafının elm və texnologiya potensialının gücləndirilməsi və təhsil imkanlarının genişləndirilməsi nəticəsində mümkün olacağı vurğulanır.
Məqalədə qloballaşma prosesinin geniş vüsət aldığı, yeni iqtisadi güclərin meydana çıxdığı hazırkı dünyada Azərbaycanın beynəlxalq nüfuzunun artması qeyd olunur. Bildirilir ki, qlobal iqtisadi böhran şəraitində belə Azərbaycan iqtisadiyyatında artımın qeydə alınması yüksək nailiyyətdir.
Yazıda diqqətə çatdırılır ki, Konsepsiyada ətraf mühitin qorunması və ekologiya məsələlərinə dair ayrıca bölmənin olması Azərbaycanda müvafiq sahələrə nə dərəcədə diqqət ayrıldığını göstərir.
Müəllif Konsepsiyada qeyd olunan önəmli məqamlar sırasında iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması, makroiqtisadi sabitliyin qorunması, monetar və fiskal siyasətin koordinasiyasının gücləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, maliyyə xidmətləri bazarının inkişaf etdirilməsi, xarici ticarət və investisiya siyasətinin təkmilləşdirilməsi kimi istiqamətləri diqqətə çatdırır. Eyni zamanda, sənəddə neft-qaz sektoru və neft-kimya sənayesinin modernləşdirilməsi, alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, aqrar sektorun inkişafı və ərzaq təhlükəsizliyinin gücləndirilməsi prioritet istiqamətlər kimi qeyd olunub.
Yazıda son 10 ildə Azərbaycanda yoxsulluğun səviyyəsinin aşağı salınması istiqamətində böyük irəliləyişlər əldə olunduğu vurğulanır. Müəllif yazır: “İnkişaf Konsepsiyasında qeyd olunan məqamlar göstərir ki, Azərbaycan növbəti illərdə qarşıya qoyulan hədəflər ilə öz potensialını və mövcud inkişaf imkanlarını daha da genişləndirmək niyyətindədir”.