YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Siyavuş Novruzov Babək rayonunun Cəhri kəndində seçicilərlə görüşüb

5 saylı Şahbuz-Babək seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Siyavuş Dünyamalı oğlu Novruzov seçicilərlə görüşlərini müvəffəqiyyətlə davam etdirir. Növbəti görüş Babək rayonunun Cəhri kəndində keçirilib.
Görüşdə Yeni Azərbaycan Partiyasının Babək rayon təşkilatının sədri İsa Məmmədov Siyavuş Novruzovun ötən müddət ərzində seçicilərini parlamentdə layiqincə təmsil etdiyini, ona göstərilən etimadı doğrultduğunu deyib. İ.Məmmədov
Azərbaycanın, o cümlədən Naxçıvan Muxtar Respublikasının dinamik inkişafından, həyata keçirilən sosial layihələrin uğurlu nəticələrindən, vətəndaşların dövlətin hərtərəfli qayğısı ilə əhatə olunmalarından və digər məsələlərdən bəhs edərək seçiciləri fevralın 9-da keçiriləcək parlament seçkilərində aktiv iştirak etməyə və YAP-ın namizədinə səs verməyə çağırıb.
AMEA-nın Müxbir üzvi, Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxelogiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor
Fəxrəddin Səfərli çıxış edərək Siyavuş Novruzovun həyat və fəaliyyətindən, partiya quruculuğu sahəsində, eləcə də Milli Məclisin deputatı kimi xidmətlərindən, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirakından danışıb. O qeyd edib ki, Siyavuş Novruzov gənclik illərindən etibarən xalqımız və dövlətimiz qarşısında çoxsaylı xidmətlər göstərən, səmərəli fəaliyyəti ilə dövlətçiliyin inkişafına mühüm töhfələr verən ictimai-siyasi xadim kimi tanınır. Bildirib ki, zəngin və mənalı ömür yolu keçən Siyavuş Novruzovun ictimai-siyasi fəaliyyəti, əsas etibarilə, Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası ilə bağlıdır: "Siyavuş müəllim YAP-ın yaranmasında fəal iştirak edən fədakar insanlardan biridir və həmin dövrdə Ulu Öndər Heydər Əliyevin ətrafında sıx birləşmiş mübariz şəxsiyyətlər sırasında yer alır".
Milli Məclisin deputatı kimi fəaliyyəti dövründə Siyavuş Novruzovun qanun yaradıcılığı və hüquqi dövlət quruculuğu prosesində, hüquqi bazanın formalaşdırılmasında, qanunvericiliyin təkmilləşdirilməsində yaxından iştirak etdiyini, çox fəal rol oynadığını deyən professor "Digər tərəfdən, Siyavuş müəllim seçiciləri maraqlandıran məsələləri daim diqqətdə saxlayır, onlara öz yardımını heç vaxt əsirgəmir. İndiyə qədər minlərlə seçicini qəbul edən Siyavuş Novruzov ona müraciət edənlərin problemlərinin həll olunmasının hüquqi təminatı sahəsində xüsusi köməklik göstərib, seçicilərlə fəal və intensiv təmaslarını davam etdirib",-deyə vurğulayıb. F. Səfərli seçiciləri onların layiqli təmsilçisi olan Siyavuş Novruzova səs verməyə çağırıb.
Deputatlığa namizəd Siyavuş Novruzov Azərbaycanın Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf etdiyini, ölkəmizin ötən müddət ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm inkişaf yolu keçdiyini, bütün sahələrdə mühüm nailiyyətlərin əldə edildiyini deyib.
O bildirib ki, ölkəmizin hərtərəfli inkişafı, verilən hər bir vədin konkret əməli işdə öz təsdiqini tapması xalq-iqtidar birliyini daha da möhkəmləndirib, vətəndaşların Prezident İlham Əliyevin ətrafında sıx birləşməsini təmin edib: “Çoxəsrlik tarixində heç vaxt indiki qədər qüdrətli olmayan Azərbaycan tərəqqi yolunda əmin addımlarla irəliləyir, yeni zirvələr fəth edir”.
Dinamik və hərtərəfli inkişafın Naxçıvan Muxtar Respublikasını da əhatə etdiyini deyən S.Novruzov Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə görülmüş işlər əhalinin rifah halının daha da yaxşılaşmasını, sosial müdafiə və təminat sisteminin güclənməsini, sosialyönümlü iqtisadiyyatın inkişafını təmin etdiyini diqqətə çatdırıb. Vurğulanıb ki, Babək rayonu və onun bütün kəndlərində də həyata keçirilən abadlıq-quruculuq işləri, yüksək infrastruktur təminatının yaradılması insanların layiqli həyat şəraitinin təmin olunmasını mümkün edib.
Yeni Azərbaycan Partiyasının seçkilərə inamlı qələbə əzmi ilə getdiyini deyən deputatlığa namizəd əlavə edib: "YAP ötən dövr ərzində Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində, milli dövlətçiliyimizin əsaslarının gücləndirilməsində, inkişafa, sabitliyə, tərəqqiyə xidmət edən milli məqsədlərin reallaşdırılmasında və yeni hədəflərin müəyyənləşdirilməsində misilsiz xidmətlər göstərib. Partiyamız bu cür ali məramlı fəaliyyəti və müstəsna əhəmiyyətə malik olan misilsiz xidmətləri ilə ümumxalq partiyasına çevrilib. Yeni Azərbaycan Partiyası dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, ölkəmizdə yaşayan bütün insanların, eləcə də bütün xalqların partiyasıdır".
O, daha güclü Azərbaycan naminə YAP-ın 10 addım paketi haqqında məlumat verərək qarşıdakı dövrdə yeni strateji hədəflərin gerçəkliyə çevriləcəyini, Azərbaycanın nüfuzu və qüdrətinin daha da artacağını bildirib. S.Novruzov seçiciləri fevralın 9-da parlament seçkilərində fəal iştirak etməyə və Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıb.
Daha sonra kənd sakini Faiq Fərəcov, kənd ağsaqqalı Müslüm Axundzadə çıxış edərək Siyavuş Novruzovun seçicilərin layiqli təmsilçisi kimi ona olan etimadı doğrultduğunu bildiriblər. Onlar fevralın 9-da keçiriləcək seçkilərdə seçiciləri yenidən S.Novruzova səs verməyə dəvət ediblər.
Görüşlər zamanı seçicilərin təklifləri dinlənib, onları maraqlandıran suallar cavablandırılıb. Seçicilər xalqın etimadını doğrultmuş YAP-ın namizədinə səs verəcəklərini qətiyyətlə ifadə ediblər.