YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Seçicilər YAP-ın namizədi Nurlan Həsənova səs verəcəklərini bəyan ediblər

Yeni Azərbaycan Partiyasının 99 saylı Şəmkir kənd seçki dairəsi üzrə deputatlığa namizədi Nurlan Həsənov rayonun Dəllər-Cırdaxan kəndinin seçiciləri ilə görüş keçirib.

Görüşü YAP Mərkəzi Seçki Qərargahının Şəmkir rayon şöbəsinin sədri Fəxrəddin Vəliyev açaraq bildirib ki, Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasət nəticəsində, respublikamızın inkişafı sürətlənib və hər bir vətəndaş bunu öz sosial həyatında hiss edir. O, seçicilərə Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatındakı uğurları barədə məlumat verərək qeyd edib ki, bütün seçkilərdə olduğu kimi qarşıdan gələn parlament seçkilərində də xalqımız Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləyəcək və partiyamız növbəti möhtəşəm uğurunu qazanacaq.

Görüşdə çıxış edən deputatlığa namizəd Nurlan Həsənov Yeni Azərbaycan Partiyası tərəfindən 99 saylı Şəmkir kənd seçki dairəsi üzrə namizədliyinin irəli sürülməsinə görə partiyanın Sədri, Prezidentimiz cənab İlham Əliyevə dərin minnətdarlığını bildirib, seçicilərə Yeni Azərbaycan Partiyasının seçki platforması və öz fəaliyyəti barəsində məlumat verib. O, iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına dair dövlət proqramlarının, o cümlədən regionların sosial-iqtisadi inkişafı məqsədi ilə dövlət proqramının qəbul olunmasını seçicilərin diqqətinə çatdıraraq bildirib ki, bütün bunlar ölkədə işsizliyin azaldılmasına və əhalinin, xüsusilə gənclərin faydalı əməklə məşğulluğunun artırılmasına, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsinə, əmək haqlarının və təqaüdlərin artırılmasına gətirib çıxarıb.

N.Həsənov seçiciləri islahatların davamlı olmasına dəstək verməyə və Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıb.

Görüşdə çıxış edən Dəllər-Cırdaxan kəndinin seçiciləri 09 fevral parlament seçkilərində yeni islahatlara, inkişafa səs verəcəklərini bildiriblər və Yeni Azərbaycan Partiyasının namizədi Nurlan Həsənovun qalib gələcəyinə əminliklərini ifadə ediblər.