YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çexiya Prezidenti Miloş Zeman: Azərbaycan özünü təsdiqləmiş gənc dövlət kimi Çexiyanın sadiq tərəfdaşıdır

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti dekabrın 4-dən Çex Respublikasında rəsmi səfərdədir.
Dekabrın 5-də Oqtay Əsədov Çexiya Prezidenti Miloş Zeman ilə görüşüb.
Görüşdə Prezident xüsusi qeyd edib ki, Azərbaycan özünü təsdiqləmiş gənc dövlət kimi Çexiyanın sadiq tərəfdaşıdır.
Söhbət zamanı ölkələrimiz arasındakı əlaqələrin daha da inkişaf etdirilməsi, qanunverici orqanlarımızın bu sahəyə verdiyi töhfələr və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb. Qeyd olunub ki, dövlət başçılarının qarşılıqlı səfərləri və imzalanan sənədlər münasibətlərimizin daha da genişlənməsinə təkan verir.
Həmin gün Azərbaycan nümayəndə heyətinin üzvləri Çexiyanın Deputatlar Palatasında və Senatda olublar. Azərbaycanlı deputatlar bu ölkənin qanunverici orqanının fəaliyyəti ilə yaxından tanış olaraq onları maraqlandıran məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.
Milli Məclisin sədri Oqtay Əsədov Deputatlar Palatasının sədri Yan Hamaçek və Senatın sədri Milan Ştexlə də görüşüb. Görüşlərdə parlamentlərarası əlaqələrin hazırkı səviyyəsi, inkişaf perspektivləri, qanunvericilik sahəsində təcrübə və informasiya mübadiləsi, dostluq qruplarının fəaliyyətinin daha da gücləndirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun həlli yollarından da bəhs olunub.
Görüşlərdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, deputatlar Malik Həsənov, Çingiz Əsədullayev, Sədaqət Vəliyeva, Mahir Aslanov, ölkəmizin Çexiyadakı səfiri Fərid Şəfiyev və nümayəndə heyətinin digər üzvləri iştirak ediblər.