YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

«Milli mənəvi dəyərlərimiz: Tarixilik, varislik və müasirlik» mövzusunda gənclərlə görüş keçirilib

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Binəqədi rayon İcra Hakimiyyətinin və YAP Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının qərargahında «Milli mənəvi dəyərlərimiz: Tarixilik, varislik və müasirlik» mövzusunda gənclərlə görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli mənəvi dəyərlərinə qayıdışı sürətlənib. O, Ümummilli lider Heydər Əliyevin bu istiqamətdə mühüm xidmətlərini qeyd edib və hazırda Prezident İlham Əliyevin milli mənəvi dəyərlərimizin qorunması və təbliği ilə bağlı həyata keçirdiyi işlərdən danışıb.

Tədbirdə çıxış edən Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov mövzunun aktual olduğunu vurğulayıb. Azərbaycan xalqının zəngin tarixə malik olduğunu deyən Əli Əhmədov bildirib ki, xalqımıza məxsus olan milli mənəvi dəyərlər əsrlərdən keçərək bu günümüzə qədər gəlib çatıb. Onun sözlərinə görə, bu dəyərlər sırasında dini dəyərlər də xüsusi yer tutur. Hazırda İslam dünyasında din pərdəsi altında müəyyən qarşıdurmaların baş verdiyini diqqətə çatdıran Baş nazirin müavini əslində, belə halların İslam dəyərlərinə heç bir aidyyatı olmadığını vurğulayıb. Əli Əhmədovun fikrincə, İslam dini özündə ən mühüm bəşəri  dəyərləri ehtiva edir.  İntellektual cəmiyyətlərdə din pərdəsi altında insanları çaşdırmağın mümkün olmadığını deyən Baş nazirin müavini Azərbaycanda da dini radikalizmin özünə yer tapa bilmədiyini vurğulayıb.

Azərbaycanda yüksək intellektli gənc nəslin yetişdiyini deyən Əli Əhmədov qeyd edib ki, gənlik milli mənəvi dəyərlərə sadiqlik nümayiş etdirir. O, bu istiqamətdə gənclərə öz tövsiyələrini verib.

Daha sonra gənclərin mövzu ilə əlaqədar sualları cavablandırılıb.