YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aydın Hüseynov: Azərbaycan özünün iqtisadi inkişafını 2019-cu ildə də yüksək səviyyədə davam etdirib

“Ölkəmiz özünün uğurlu inkişafını əsasən  daxili imkanlar hesabına təmin edir. Bu gün güclü iqtisadiyyat Azərbaycanın hərtərəfli inkişafının, milli maraqlar üzərində qurulan prinsipial siyasətinin təməlində dayanan əsas amildir”. Bu fikirləri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

A.Hüseynov bildirib ki, son 16 ildə Azərbaycanın dövlət siyasətində iqtisadi inkişafla bağlı məsələlərin prioritetliyi təmin edilib. Bunun da nəticəsi olaraq respublikamızda yüksək rəqabət qabiliyyətinə malik iqtisadiyyat formalaşıb. Onun sözlərinə görə, bu gün Azərbaycan iqtisadi inkişaf baxımından heç kimdən, heç bir beynəlxalq maliyyə qurumundan, heç bir ölkədən asılı deyil. Beynəlxalq reytinq agentliklərinin dəyərləndirmələrinə görə artıq Azərbaycanın özü donor ölkəyə çevrilib.

“Son 16 ilin göstəriciləri ölkəmizin Prezident İlham Əliyev tərəfindən innovativ əsaslı güclü iqtisadiyyat quruculuğu ilə bağlı qarşıya qoyulan strateji hədəfə doğru inamla irəlilədiyini bir daha təsdiqləyir. 2004-cü ildən bəri bütün dünya üzrə ÜDM istehsalının artımında ən yaxşı göstəricilərdən biri 3 dəfədən çox olmaqla məhz Azərbaycanda qeydə alınıb. Qürurverici haldır ki, rəqabətqabiliyyətliliyinə görə Azərbaycan iqtisadiyyatı MDB məkanında birinci yerə yüksəlib. Azərbaycan özünün iqtisadi inkişafını, həmçinin artıq başa çatmaqda olan 2019-cu ildə də yüksək səviyyədə davam etdirib. Dövlət başçısının da vurğuladığı kimi, bir neçə il bundan əvvəl dünya bazarında neftin qiymətinin kəskin şəkildə aşağı düşdüyü dövrdə respublikamızda iqtisadi sahədə çox ciddi addımlar atıldı və beləliklə də ölkədə milli iqtisadiyyatda tarazlığa nail olundu. Məlumdur ki, respublikamız yeni şəraitdə dövlət başçısının siyasi iradəsinə uyğun olaraq neftdənkənar iqtisadiyyatın üstün inkişafının təmin olunmasını hədəfləyib. Respublikamızda qeyri-neft sektorunda istehsal və ixrac imkanlarının artırılması güclü şəkildə təşviq olunur. Məhz getdikcə artan siyasi və maddi dəstək tədbirlərinin məntiqi nəticəsidir ki, cari ildə iqtisadiyyatımızda ən yaxşı inkişaf göstəriciləri məhz qeyri-neft sektorunda qeydə alınıb. Belə ki, 2019-cu ildə qeyri-neft iqtisadiyyatımız təqribən 3,5 faiz artıb. O cümlədən kənd təsərrüfatında 7 faizdən çox artıma nail olunub. Qeyri-neft sənayesinin dinamik inkişafı xüsusilə sevindiricidir - ilin əvvəlindən bəri bu sahədə təxminən 14 faiz artıma nail olunub ki, bu da dünya rekordu sayıla bilər”-deyə, deputat qeyd edib.