YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Təhsilin inkişaf strategiyası: Nailiyyətlər və əsas hədəflər” mövzusunda konfrans keçirilib (VİDEO)

Dekabrın 24-də  Yeni Azərbaycan Partiyasının  təşkilatçılığı ilə “Təhsilin inkişaf strategiyası: Nailiyyətlər və əsas hədəflər” mövzusunda konfrans keçirilib.

Konfransda çıxış edən Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirib ki, partiyamız ənənəvi olaraq ilin sonlarına yaxın bu və ya digər əhəmiyyətli mövzularla əlaqədar konfrans keçirir, fikir mübadiləsi aparır.

 Dekabrın 23-də ölkəmizdə bələdiyyə seçkilərinin keçirildiyini və YAP-ın da seçkilərdə öz  namizədləri ilə iştirak etdiyini deyən Əli Əhmədovun sözlərinə görə, Azərbaycanda  1606 bələdiyyə üzrə xeyli sayda namizədlər mübarizə aparıblar. O qeyd edib ki, Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə və partiyanın müşahidəçilərinin verdiyi məlumatlara əsasən, YAP-ın namizədlərinin əksəriyyəti seçicilərin səsini qazanıb. Bu münasibətlə YAP-ın təmsilçilərini əldə etdikləri qələbə münasibəti ilə təbrik edən Əli Əhmədov əminliyini bildirib ki, seçkilərdə qalib gəlmiş partiya üzvləri bələdiyyələr vasitəsilə xalqa xidmət edəcək və ölkəmizin ümumi inkişafına öz töhfələrini  verəcəklər.

Bugünkü konfransın mövzusunun təhsil sahəsi ilə bağlı olduğunu deyən Əli Əhmədov bu mövzunun seçilməsinin təsadüfi olmadığını söyləyib. O deyib ki, bütövlükdə inkişafın fundamental əsaslarından ən birincisi təhsildir. Baş Nazirin müavini qeyd edib ki, tarix boyu xalqlar yalnız elm və təhsil sayəsində inkişafa nail ola biliblər: “Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, insan kapitalının inkişaf etdirilməsi həyata keçirilən siyasətin qayəsini təşkil edir. Son illər təhsilin inkişafı ilə bağlı böyük layihələr həyata keçirilib, məktəblər tikilib, təhsilin məzmununun yüksəldilməsi istiqamətində addımlar atılıb. Biz inanırıq ki, təhsilin inkişafı iqtisadiyyatın inkişafının əsasını təşkil edəcək. İnanıram ki, təhsil işçiləri bu sahədə səylərini əsirgəməyəcəklər”.

Əli  Əhmədov bildirib  ki, konfransın keçirilməsinin təsadüf etdiyi 24 dekabr tarixi Azərbaycan Prezidenti İlham Əliyevin doğum günüdür. Onun sözlərinə görə, Azərbaycanın inkişafı, iqtisadi uğurlar, sosial layihələrin həyata keçirilməsi, ölkənin dünyada müasir imicinin, insanlarda gələcəyə ümidin formalaşması, ordunun gücləndirilməsi və digər nailiyyətlər Prezident İlham Əliyevin Heydər Əliyev siyasətini həyata keçirməsinin real təzahürüdür: “ İnsanlar aydın dərk edirlər ki, Azərbaycanın gələcəyi Heydər Əliyev siyasəti və Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi ilə bağlıdır. Ona görə də insanlar Prezident İlham Əliyevə inanırlar”. Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edən Əli Əhmədov dövlətimizin başçısına cansağlığı və Azərbaycanın inkişafı naminə fəaliyyətində  yeni-yeni uğurlar arzulayıb. “Xalqımız, o cümlədən Yeni Azərbaycan Partiyası  xoşbəxtdir ki, onun Prezident İlham Əliyev kimi lideri var”-deyə, Əli Əhmədov vurğulayıb.

Konfransa çıxış edən Təhsil Naziri Ceyhun Bayramov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təhsil sektoruna göstərdiyi diqqət və qayğı nəticəsində son illər təhsil tariximizdə yüksək inkişaf, bütün sahələrdə islahatların daha da dərinləşməsi dövrü kimi xarakterizə olunur, təhsil sektorunun inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biri kimi nəzərə alınır. Ölkə Prezidentinin təşəbbüsü ilə reallaşdırılan, təhsil sektorunun yol xəritəsi olan təhsilin inkişafı üzrə Dövlət Strategiyasının təsdiq edilməsindən ötən müddət ərzində strategiyanın icrası istiqamətində bir sıra əhəmiyyətli nailiyyətlər əldə edilib.

Nazir qeyd edib ki, təhsilin inkişafı dövlət strategiyasında əsas hədəflərdən olub. O bildirib ki, 2013-2019-cu illərdə 3300-ə yaxın məktəb tikilib və təmir olunub: “Bu il respublika fənn olimpiadalarında 30 mindən çox şagird iştirak edib. Əvvəlki illərlə müqayisədə bu rəqəm 5 dəfə çoxdur. Əmək haqqı 1000 manatdan çox olan müəllimlərin sayı təxminən 5000 nəfər təşkil edib”.

C.Bayramov həmçinin söyləyib ki, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Mərkəzinə bu tədris ilində 8 istiqamət üzrə 231 tələbə qəbul edilib: “Gələn ildən tələbə sayının 1000 nəfərə çatdırılması nəzərdə tutulur. Bu il həmçinin tələbələrə verilən təqaüdlərin həcmi 20 % artırılıb, bu da 110 mindən çox tələbəni əhatə edib. Növbəti tədris ilindən təqaüd alan tələbələrin sayı 50 %-ə çatdırılması planlaşdırılır”.

Nazir çıxışında təhsilin digər istiqamətləri üzrə əldə olunan nəticələr və perspektiv vəzifələrlə bağlı geniş məlumat verib.

 

DİGƏR Partiya xəbərləri Arxiv