YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan dünyanın aparıcı biznes turizm jurnalında

Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu ölkəmizin dünya turizm bazarında inkişaf edən bir biznes turizm məkanı kimi tanıdılması yolunda daha bir mühüm nailiyyətə imza atıb.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, Avropanın səyahət və turizm üzrə ixtisaslaşan nüfuzlu nəşrlərindən olan “ICJ MICE” jurnalının qış nömrəsində Azərbaycan və ölkəmizin turizm bazarı haqqında məqalə dərc olunub.
Almaniyada nəşr olunan jurnal oxucularını ölkəmizin turizm potensialı və investisiya imkanları ilə tanış edib və ölkəni beynəlxalq tədbirlərin keçirilməsi üçün səmərəli və dinamik inkişaf edən məkan kimi göstərib.
Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlərin təşkili sahəsində imkanlarının vurğulandığı məqalədə, həmçinin müxtəlif görüş və iclasların keçirilməsi üçün əlverişli təsisatları olan dəbdəbəli “Kempinski Hotel Badamdar”, “Hyatt Regency Baku”, “Four Seasons Hotel Baku”, “JW Marriott Absheron Hotel”, “Jumeirah Bilgah Beach Hotel” və “Hilton Baku” kimi beynəlxalq mehmanxanalardan bəhs edilib.
Jurnal eyni zamanda Bakının heyranedici mənzərələrindən, UNESCO-nun dünya irs siyahısına daxil edilmiş "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, orta əsr şərq memarlığının şah əsəri sayılan Şirvanşahlar Sarayı Kompleksi, möhtəşəm Heydər Əliyev Mərkəzi, şəhərin müasir simvollarından birinə çevrilmiş Alov Qüllələri və digər tarixi abidə və möhtəşəm məkanlarından yazıb.
İldə iki dəfə 17 min nüsxə tirajla çap olunan jurnal aparıcı səyahət agentlikləri, assosiasiyaları, təşviqat şirkətləri və turizm sahəsində fəaliyyət göstərən bir çox digər şirkət və firmalar ilə əməkdaşlıq edir. Alman dilində çap olunan jurnal Almaniya, Avstriya və İsveçrədə yayımlanır.