YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyə Xarici İşlər nazirlərinin səkkizinci üçtərəfli görüşü keçirilib

Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyə Xarici İşlər nazirlərinin səkkizinci üçtərəfli görüşü keçirilib.

Gürcüstanın Tbilisi şəhərində Xarici İşlər naziri David Zalkalianinin dəvəti əsasında, Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Türkiyənin Xarici İşlər naziri Movlud Çavuşoğlunun iştirakı ilə keçirilən görüşün yekununa dair Bəyanat qəbul edilib.

Bəyanatda deyilir ki, tərəflər həm siyasi dialoq, həm də spesifik üçtərəfli layihələrin icrası üçün vacib bir platforma kimi Xarici İşlər nazirlərinin əvvəlki üçtərəfli görüşlərində qəbul olunmuş Trabzon Bəyannaməsi, Batumi Birgə Kommünikesi, Gəncə, Qars, Tbilisi, Bakı və İstanbul bəyannamələrindəki öhdəliklərini vurğulayıblar. Ölkələri arasında artan ikitərəfli və üçtərəfli əməkdaşlıqdan məmnunluqlarını ifadə ediblər və strateji tərəfdaşlıq, mehriban qonşuluq, qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlığın daha da genişləndirilməsinə sadiq olduqlarını bir daha təsdiq ediblər. Hər üç ölkənin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət və qəti dəstəklərini bir daha təsdiq ediblər. Bu xüsusda, regionda mövcud münaqişələrin sülh, təhlükəsizlik, sabitlik və iqtisadi inkişafa zərbə vurduğu qeyd edilib, beləliklə status-kvonun qəbuledilməz olduğu və davamlı olmadığı, münaqişələrin gecikmədən sülh yolu ilə həll olunmasının vacibliyi vurğulanıb.

Tərəflər Gürcüstanın Abxaziya və Tsixinvali/Cənubi Osetiya və Azərbaycan Respublikasının Dağlıq-Qarabağ bölgəsi və ətraf rayonlarında münaqişənin dayanıqlı sülh yolu ilə beynəlxalq hüququn prinsipləri və normaları, xüsusilə də suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında, eləcə də BMT, ATƏT və Avropa Şurasının müvafiq qətnamələri və qərarlarına uyğun olaraq həllinin mühüm əhəmiyyətini bir daha vurğulayıb, qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışının zəruriliyini qeyd ediblər.

Nazirlər müdafiə sahəsində əməkdaşlıqla bağlı 2018-ci il Anlaşma Memorandumu ilə vurğulandığı kimi, müdafiə sahəsində üçtərəfli əməkdaşlığın əhəmiyyətini bir daha təsdiq ediblər, müdafiə sənayesində növbəti əməkdaşlıq, üçtərəfli təlim və məşğələlərdə əməkdaşlığın, eləcə də yüksək səviyyəli görüşlərin zəruriliyini vurğulayıblar. Bununla bağlı 2019-cu il 12 iyun tarixində Qəbələ şəhərində baş tutmuş Müdafiə nazirlərinin Üçtərəfli Görüşünü alqışlayıblar.

Bəyanatda enerji, nəqliyyat, telekommunikasiya, innovasiya, texnologiya, sənaye, kənd təsərrüfatı, turizm və ətraf mühit sahələrində birgə layihə və proqramların icrası vasitəsilə iqtisadi-ticarət əməkdaşlığını daha da gücləndirmək, investisiya və ticarətin təşviqi üçün mövcud potensialdan istifadə etmək, həmçinin əməkdaşlığın təşviq edilməsinə dəstək göstərməyə razılıq ifadə olunub. Tərəflər beynəlxalq səviyyəli layihələrin birgə təşviqi daxil olmaqla, Cənub Dəhlizinin enerji layihələrinin həyata keçirilməsi üçün qarşılıqlı əlaqələrin davam etdirilməsi və daha da dərinləşdirilməsi üzrə qətiyyətli olduqlarını bir daha təsdiq ediblər. Həmçinin tərəflər enerji sahəsində əməkdaşlığın gücləndirilməsinə hazır olduqlarını ifadə ediblər və enerji sektorundan məsul nazirlərin iştirakı ilə üçtərəfli görüşlərin keçirilməsini təşviq etməyi qərara alıblar.

Üç ölkənin müvafiq şirkətləri arasında elektrik enerjisi sahəsində birgə layihələrin inkişaf etdirilməsi və qarşılıqlı təcrübə mübadiləsi sahəsində əməkdaşlığın möhkəmlənidirlməsinin əhəmiyyəti qeyd olunub və elektrik enerjisi sahəsində əməkdaşlığın yaxşılaşdırılması məqsədilə üçtərəfli elektrik enerjisi bazarının yaradılmasının əhəmiyyəti vurğulanıb. Enerji sahəsində strateji tərəfdaşlığı qeyd edilib, tərəflər Trans Anadolu Qaz Boru Xətti (TANAP), Cənub Qaz Dəhlizinin (CQD) digər əhəmiyyətli komponentlərinə, eləcə də Xəzər regionundan Avropaya təbii qaz nəqlinin həcminin artırılması məqsədini daşıyan enerji layihələrinə tam dəstək verdiklərini təsdiq edərək, bu layihələrin uğurla tamamlanması və fəaliyyətinin təmin olunmasında Azərbaycan, Gürcüstan və Türkiyənin rolunu vurğulayıblar.

Həmçinin nazirlər Trans Xəzər Şərq-Qərb Orta Dəhliz də daxil olmaqla əsas beynəlxalq tranzit dəhlizləri üzərində yerləşən üç ölkənin tranzit potensialının, Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçən dəmir yolu əsaslı multimodal nəqliyyat dəhlizinin, eləcə də beynəlxalq tranzit sisteminə inteqrasiya səylərinin gücləndirilməsi üçün atılmış əhəmiyyətli addımları vurğulayıblar, nəqliyyat və rəqəmsal infrastrukturun inkişafı, ağır və yumşaq infrastrukturun inkişafı, xüsusilə də tranzit potensialının artırılması üzrə nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılması üçün yeni layihələrin həyata keçirilməsi məqsədilə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd ediblər.

Nazirlər Asiya və Avropa arasında rəqabətyönümlü nəqliyyatın asanlaşdırılmasında Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin və Dəmir İpək Yolunun bir hissəsi kimi Marmaray layihəsinin əhəmiyyətli rolunu vurğulayıblar. Bu xüsusda, BTQ-nin tam fəaliyyəti üçün onun tamamlanmasının sürətləndirilməsi, eləcə də qeyd olunan dəmir yolu vasitəsilə yük daşımalarının həcminin artırılması və sərnişin daşınmasına başlanılması, həmçinin BTQ dəmir yolunun və Dəmir İpək Yolunun gücləndirilməsi məqsədilə xəttin tutumunun artırılması və infrastruktur çatışmazlığının aradan qaldırılması üçün işlərin yekunlaşdırılması üzrə razılığa gəliblər. Multimodal nəqliyyat əməkdaşlığı üzrə Türkiyə-Gürcüstan-Azərbaycan komitəsinin yaradılmasının əhəmiyyəti vurğulanıb.

Bəyanatda informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığın vacibliyi qeyd edilir. Trans-Avrasiya Super İnformasiya Magistralı layihəsinin planlaşdırılması və həyata keçirilməsi də daxil olmaqla, Asiya və Avropa arasında beynəlxalq rəqəmsal əlaqənin inkişaf etdirilməsi istiqamətində səylərin gücləndiriləcəyi ilə bağlı razılıq ifadə olunub.

Nazirlər Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) çərçivəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb, QDİƏT-i layihə yönümlü təşkilat etmək öhdəliklərini bir daha qeyd ediblər və QDİƏT-i canlandırmaq üçün birgə işləmək qərarına gəliblər. Müvafiq ölkələrin gömrük qurumları arasında mövcud yaxşı əməkdaşlığın əhəmiyyəti qeyd olunub, Türkiyə Ticarət Nazirliyi, Gürcüstanın Vergi Xidməti və Azərbaycanın Dövlət Gömrük Komitəsi arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin təsis edilməsi üçün işin aparılması barədə razılıq əldə olunub.

Bəyanatda bölgənin nəqliyyat iqtisadi dəhlizinin cəlbediciliyinin möhkəmləndirilməsi və genişləndirilməsinin və gömrük sənədlərinin rəqəmsallaşdırılması, məlumatın elektron mübadiləsi vasitəsilə malların hərəkətinin asanlaşdırılması üçün çərçivənin formalaşdırılmasının əhəmiyyəti vurğulanıb.

Dövlətlər arasında əməkdaşlığın möhkəmləndirilməsi kimi nəzərdə tutulan layihə və proqramları həyata keçirilərək ekspertiza, bilik, texnologiya və ən yaxşı təcrübənin mübadiləsi vasitəsilə sənaye sahəsində əməkdaşlığın əhəmiyyəti ifadə edilib. Kiçik və Orta Müəssisə (KOM) sahəsində biliyin və təcrübənin bölüşməsi və KOM-lar arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə KOM-a yardımçı təşkilatlar arasında birgə əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

Tərəflər regionda ekoloji tarazlığın saxlanılması məqsədilə ətraf mühitin mühafizəsi, meşəçilik, torpaqdan istifadə və su resurslarının idarə edilməsi sahələrində əlaqələrin, məlumat və təcrübə mübadiləsinin gücləndirilməsinin vacibliyini vurğulayıblar.

İş adamları üçün yeni imkanların yaradılması məqsədi daşıyan bir platforma kimi növbəti Türkiyə-Azərbaycan-Gürcüstan Biznes Forumunun ən qısa zamanda keçirilməsinin əhəmiyyəti ifadə edilib.

Bəyanatda tərəflər sağlamlıq turizmi sahəsində əməkdaşlıq imkanlarını araşdırmağa və genişləndirməyə dair razılıqlarını ifadə ediblər.

Sənəddə tərəflər terrorizmin, zorakı ekstremizmin və separatizmin bütün növlərinə və təzahürlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, narkotiklərin və onların prekursorlarının qeyri-qanuni dövriyyəsinə, silahlara, insan alverinə, mədəni və tarixi irsə qarşı cinayətlərə, çirkli pulların yuyulmasına, kibercinayətkarlığa, dezinformasiya kampaniyalara, miqrant qaçaqmalçılığına və digər transmilli təhdidlərə qarşı mübarizədə əməkdaşlığın gücləndirilməsinə qəti sadiq olduqlarını bir daha bəyan ediblər.

Hər üç ölkənin təhlükəsizliyinə hədə təşkil edən terrorçu qruplarına qarşı mübarizədə bir-birlərinə dəstəyi və səylərini davam etdirməkdə qətiyyətlərini vurğulayıblar.

Hər üç ölkənin xalqları arasında əlaqələrə töhfə verəcək humanitar sahədə əməkdaşlığın, o cümlədən mədəniyyət, təhsil, səhiyyə, gənclərin mübadiləsi, turizm və idman sahələrində əməkdaşlığın əhəmiyyəti qeyd olunub. Bölgədə etnik və dini tolerantlıq irsini əks etdirən mədəni irsin qorunması üçün aidiyyəti qurumların səylərini artırmaq üçün üç ölkə arasında genişləndirilmiş əməkdaşlığa ehtiyac duyulduğu vurğulanıb. Mədəniyyətlərarası dialoq, tolerantlıq və müxtəlifliyə hörmətin təşviq edilməsi üçün əsas qlobal platforma kimi “Bakı Prosesi”nin önəmli rolu vurğulanıb.

2017-2019-cu illər üzrə Üçtərəfli Sahəvi Əməkdaşlığa dair Fəaliyyət Planının uğurla həyata keçirilməsindən məmnunluq ifadə edilib və 2020-2022-ci illər üzrə Üçtərəfli Sahəvi Əməkdaşlığa dair Fəaliyyət Planının qəbul olunmasının əhəmiyyəti vurğulanıb.

Növbəti görüşün Azərbaycanda keçirilməsi ilə bağlı razılıq əldə olunub.