YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Leyla Abdullayeva: Böhran Qrupunun Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı məsələni gündəmdə saxlamasını alqışlayırıq

Biz əlbəttə ki, Beynəlxalq Böhran Qrupunun (BBQ) Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vacib məsələləri gündəmdə saxlamasını alqışlayırıq. Əslində, Beynəlxalq Böhran Qrupu hazırladığı son hesabatında yeni hər hansı bir məsələyə toxunmur, illərdir ki, Azərbaycan tərəfindən qaldırılan, danışıqlar prosesində müzakirə obyekti olan mühüm mövzulara diqqət ayırır.

Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Böhran Qrupunun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırladığı son hesabata münasibət bildirərkən deyib.

Leyla Abdullayeva bildirib: “Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarda işğalçı Ermənistan tərəfindən qeyri-qanuni məskunlaşdırma siyasətinin həyata keçirildiyi bizim tərəfimizdən beynəlxalq müstəvidə, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan tərəfi ilə keçirilən görüşlərdə dəfələrlə qaldırılıb. Ermənistanın beynəlxalq hüquq öhdəliklərinə zidd olaraq, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarının müddəalarını pozaraq Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirdiyi qanunsuz məskunlaşma siyasəti bu günədək ölkəmizin işğal olunmuş ərazilərinə baş tutmuş ATƏT-in beynəlxalq faktaraşdırıcı missiyalarının hesabatlarında da öz əksini tapıb. Belə ki, həm ATƏT-in 2005-ci ildəki faktaraşdırıcı missiyası, həm də 2010-cu ildəki sahə qiymətləndirmə missiyası işğal olunmuş ərazilərimizdə qanunsuz məskunlaşma siyasətinin həyata keçirildiyini təsdiq edib. BBQ də son hesabatında ölkəmizin işğal olunmuş ərazilərində bu qeyri-qanuni fəaliyyətin davam etdirildiyini qeydə alıb. Onu da bildirmək istərdik ki, Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşdırma siyasətinin həyata keçrilməsinin hüquqi sübutu Avropa İnsan Hüquqları Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə 2015-ci ildə qəbul etdiyi qərardır. Azərbaycanın Laçın rayonundan məcburi qovulmuş vətəndaşlarımızın xeyrinə qəbul olunmuş bu qərarda bu ərazilərdə hazırda həyata keçirilən məskunlaşma məsələsi də öz əksini tapır. Əlbəttə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində addımlar atıldıqdan sonra bu məsələ də öz həllini tapacaqdır. O zamanadək Azərbaycan bu məsələləri ardıcıl şəkildə müvafiq beynəlxalq çərçivələrdə qaldıracaqdır”.

İşğal olunmuş Azərbaycan ərazilərində beynəlxalq sülh missiyasının yerləşdirilməsi və ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma Qrupunun (HLPG) bu xüsusda roluna toxunan mətbuat katibi deyib: “İşğal olunmuş ərazilərdə yaşayan əhalinin, o cümlədən azərbaycanlı və erməni icmalarının təhlükəsizliyi məsələsi bizim üçün önəmlidir. Biz bu səbəbdən ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən müvafiq beynəlxalq ekspertlərin iştirakı ilə riskin qiymətləndirilməsi missiyasının həyata keçirilməsinin tərəfdarıyıq.

Hesabatda qaldırılan status məsələsinə gəldikdə isə xatırlatmaq lazımdır ki, ümumilikdə status məsələsi Azərbaycanın milli qanunvericiliyi, BMT Nizamnaməsində və Helsinki Yekun Aktında əks olunan fundamental norma və prinsiplərə əsaslanan BMT Təhlükəsizlik Şurasının qətnamələri də daxil olmaqla, beynəlxalq hüquq çərçivəsində artıq müəyyən olunub. Bu xüsusda hər zaman ifadə etdiyimiz mövqeyimiz dəyişilməz olaraq qalır. İşğal olunmuş torpaqlarımızdan erməni silahlı qüvvələri çıxarıldıqdan və öz torpaqlarından didərgin salınmış azərbaycanlılar evlərinə geri qayıtdıqdan sonra, gələcək mərhələdə münaqişənin həlli istiqamətində bölgənin statusunun konkret şəkildə müəyyənləşdirilməsi məsələsinə hər iki icmanın iştirakı ilə baxıla bilər.

Sonda vurğulamaq istərdim ki, bu məsələlər münaqişənin həlli prosesi çərçivəsində, ATƏT-in müvafiq qərarlarına, habelə hər hansı vaxt məhdudiyyəti olmayan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq tənzimlənməlidir. Beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hesabatlarında nəzərə almalıdırlar ki, münaqişənin həllinin hüquqi əsasını təşkil edən qərar və qətnamələrin, birinci növbədə isə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi zəruridir. Onların yerinə yetirilməsi isə yalnız zaman məsələsidir”.