Xəbərlər
XİN:ABŞ Dövlət Departamenti sözçüsünün Azərbaycanla bağlı fikirləri obyektiv reallığı əks etdirmir
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev ABŞ Dövlət Departamenti sözçüsünün dekabrın 1-də Azərbaycan haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib.
H.Hacıyev deyib ki, ABŞ Dövlət Departamentinin sözçüsü tərəfindən Azərbaycanda insan hüquqlarının vəziyyəti barədə səsləndirilmiş fikirlər obyektiv reallığı əks etdirmir və bu, insan hüquqlarını məqsədyönlü şəkildə siyasiləşdirmək və təzyiq alətinə çevirmək cəhdlərinin tərkib hissəsidir.
Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və tərəfdar çıxdığı beynəlxalq sənədlər əsasında ölkədə qanunun aliliyi, fundamental hüquq və azadlıqların qorunması təmin olunub. Azərbaycan Respublikası demokratik inkişafını ardıcıl surətdə davam etdirir və bu məsələdə kənar müdaxilə və “tövsiyələrə” ehtiyac yoxdur.
ABŞ-da irqi ayrı-seçkiliyin sistemli xarakter alması və bunun əsasında ABŞ cəmiyyətində qarşıdurmanın dərinləşməsi, məhkəmə-hüquq sisteminin çatışmazlıqları, polis və hüquq mühafizə orqanları tərəfindən qeyri-proporsional gücdən istifadə və zorakılığın artması və digər sahələrdə ciddi problemlər mövcuddur. Ferqyuson və ABŞ-ın digər şəhərlərini bürüyən kütləvi etiraz aksiyalarının köklü səbəbləri və bu zaman müşahidə edilən zorakılıq bunu bir daha sübut edir.
Hesab edirik ki, ABŞ Dövlət Departamentinin sözçüsü Azərbaycana münasibətdə qərəzli fikirlər yürütməzdən əvvəl bütün dünya ictimaiyyətinin hazırda ABŞ-da insan hüquqları sahəsində mövcud olan duruma münasibətdə artmaqda olan narahatlığına cavab verməlidir.
ABŞ isə beynəlxalq səviyyədə insan hüquqlarının “himayədarı” funksiyasında çıxış etmək kimi lüzumsuz iddiasından əl çəkməli və beynəlxalq öhdəliklərinə uyğun olaraq ölkə daxilində insan hüquqları məsələlərinə ciddi diqqət yetirməlidir.