YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

“Milan Expo 2015” beynəlxalq sərgisində Azərbaycan pavilyonunun təqdimatı olub

Milanda Azərbaycanın “Milan Expo 2015” beynəlxalq sərgisindəki pavilyonunun təqdimatı və mətbuat konfransı keçirilib.
Tədbir zamanı qonaqlar ölkəmizin “Biomüxtəlifliyin xəzinəsi” adlanan pavilyonunun maketi ilə tanış olublar. Diqqətə çatdırılıb ki, “Milan Expo 2015” beynəlxalq sərgisi Azərbaycanın qədim tarixinin, zəngin mədəni irsinin dünyada tanıdılmasına, ölkəmizin iqtisadi-mədəni potensialının, sağlam həyat mənbəyi olan bir məkan kimi təqdim olunmasına imkan yaradacaq.
Məlumat verilib ki, ərazisi 1800 kvadratmetr olan Azərbaycan pavilyonunun “Milan Expo 2015” sərgisindəki layihəsi Heydər Əliyev Mərkəzinin dəstəyi ilə həyata keçirilir. Milli pavilyonumuzun təməli 2014-cü ilin iyulunda qoyulub və ərazidə tikinti işləri davam etdirilir. Təşkilat Komitəsinin rəyinə görə, Azərbaycan “Milan Expo 2015” beynəlxalq sərgisinin hazırlıq və qurulma prosesində ilkin mərhələdə iştirakçı ölkələr qarşısında qoyulan tələbləri, pavilyonun məzmun və tərtibatı ilə bağlı təqdimatları ən tez yerinə yetirən ölkələr sırasındadır.
Azərbaycan pavilyonunun əsas özəlliyini üç biosfer təşkil edəcək. Hər bir biosferdə Azərbaycana məxsus xüsusiyyətlər fərqli təqdimatlarla öz əksini tapacaq.
Sonra ölkəmizin təqdimatı və sərgidəki milli pavilyonumuz haqqında video nümayiş olunub.
Tədbirdə çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Azərbaycanın qədim tarixi, coğrafi mövqeyi, ölkəmizin keçdiyi inkişaf yolundan danışıb. Bildirib ki, zəngin tarixi və mədəni irsi olan Azərbaycan hələ qədim zamanlardan böyük İpək Yolunun üzərindəki coğrafi mövqeyinə görə müxtəlif sivilizasiyalar, mədəniyyətlər və dinlər arasında körpü rolunu oynayıb. Tolerantlıq ünvanı kimi tanınan Azərbaycanda yüzdən çox milli azlıq dinc şəraitdə yaşayır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizin sürətlə inkişaf etdiyini deyən Anar Ələkbərov Azərbaycanın beynəlxalq arenada etibarlı tərəfdaş kimi nüfuz qazandığını diqqətə çatdırıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Anar Ələkbərov deyib ki, münaqişə nəticəsində ölkəmizin ərazisinin 20 faizi işğal edilib, 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkünə çevrilib. Bütün bunlara baxmayaraq, Azərbaycanda sabitliyin qorunmasına, davamlı siyasi, sosial, iqtisadi və ekoloji inkişafa nail olunub.
Heydər Əliyev Mərkəzinin direktoru qeyd edib ki, gözəl təbiətə və bioloji müxtəlifliyə malik Azərbaycanın coğrafi və iqlim müxtəlifliyini, füsunkar təbiətini, ləziz mətbəxini, qədim ənənələrini, keçmişini və bu gününü daha ətraflı təqdim etmək üçün sərgi geniş imkanlar yaradacaq.
Anar Ələkbərov “Milan Expo 2015” beynəlxalq sərgisində Azərbaycan pavilyonu layihəsinin həyata keçirilməsində göstərdiyi dəstəyə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib.
Mətbuat konfransında çıxış edən “Milan Expo 2015” beynəlxalq sərgisinin Amerika və Avropa ölkələri üzrə proqram meneceri Stefano Akbano ilk dəfədir bu tədbirdə iştirak edən Azərbaycanın pavilyonunun gözəl memarlıq konsepsiyasının olduğunu vurğulayıb. O deyib: “Təsadüfi deyil ki, sərgidə təmsil olunacaq Azərbaycan pavilyonu bütün iştirakçı ölkələr arasında ən qabaqcıl pavilyonlardan biridir”.
Pavilyonumuzun əsas özəlliklərindən danışan S.Akbano onun rəngarəng və cəlbedici olduğunu bildirib. Diqqətə çatdırıb ki, bu pavilyon vasitəsilə iştirakçılar heyranedici ölkə olan Azərbaycanı müxtəlif aspektlərdən tanımaq imkanı qazanacaqlar.
Daha sonra jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
Sonda tədbir iştirakçılarına Azərbaycanın tarixi, coğrafiyası, biomüxtəlifliyi ilə bağlı nəşrlər, fotolar, disklər, milli mədəni dəyərlərimizi əks etdirən müxtəlif hədiyyələr təqdim olunub.
Xatırladaq ki, “Milan Expo 2015” gələn il mayın 1-dən oktyabrın 31-dək keçiriləcək. Dünyanın müxtəlif ölkələrindən 20 milyonadək qonağın iştirak edəcəyi sərgi 1,7 milyon kvadratmetr ərazidə təşkil olunacaq. Budəfəki sərgidə dünyanın 140 ölkəsinin təmsil olunacağı gözlənilir. Bu ölkələrdən yalnız 55-i öz milli pavilyonu ilə iştirak edəcək.

DİGƏR Xəbərlər Arxiv