YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Məhəmməd Hadinin anadan olmasının 140 illiyinin qeyd olunması ilə başlı Sərəncam imzalayıb

Prezident İlham Əliyev dekabrın 5-də Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir şair və publisist Məhəmməd Hadinin anadan olmasının 140 illiyinin qeyd olunması ilə başlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla mütəfəkkir şair Məhəmməd Hadinin 140 illiyinə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsi Azərbaycan Milli Elmlər Akademiyasına tapşırılıb.

Sərəncamda qeyd olunur ki, 2019-cu ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir şair və publisist Məhəmməd Hadinin (Ağaməhəmməd Hacı Əbdülsəlim oğlunun) anadan olmasının 140 illiyi tamam olur. Məhəmməd Hadi XX əsr Azərbaycan poeziyasında romantizmin ədəbi cərəyan kimi təşəkkülü və inkişafında mühüm xidmətlər göstərib. Şərq bədii-estetik fikir tarixinin dərin bilicisi olan bu qüdrətli qələm sahibi bütün istedadını doğma Vətəninin mədəni tərəqqisi uğrunda mübarizəyə həsr edib. Şairin dövrün mürəkkəb sosial-siyasi mənzərəsini dolğun əks etdirən, ictimai həyat hadisələrini fəlsəfi mövqedən işıqlandıran və eyni zamanda, özünün bənzərsiz sənətkarlıq xüsusiyyətləri ilə seçilən, maarifçilik ideyaları ilə zəngin əsərlərində elmin və mədəniyyətin təbliği başlıca yer tuturdu. Xalqları oyanışa və istiqlaliyyət uğrunda mübarizəyə səsləyən Məhəmməd Hadi azadlığı cəmiyyətin və şəxsiyyətin həyatının mənası sayaraq onu daim romantik vüsətlə tərənnüm edib.