YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Yeni Azərbaycan Partiyası bütün partiyaları Milli Məclisə keçiriləcək seçkilərdə iştiraka, öz gücünü sınamağa, xalqla səmimi dialoq şansından faydalanmağa çağırır

“Növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə əlaqədar Yeni Azərbaycan Partiyasının təşəbbüsünün cəmiyyətdə müsbət qarşılanması, radikalları çıxmaq şərti ilə demək olar ki, bütün siyasi qüvvələrdən, o cümlədən, Milli Məclisdə təmsil olunan partiyalardan gələn dəstək reaksiyaları qanunverici orqanın buraxılması təklifinin legitimliyini birbaşa sübuta yetirir. Belə bir təşəbbüsün irəli sürülməsi səbəbləri Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının qərarında və Milli Məclisin buraxılması haqqında deputatların Azərbaycan Respublikasının Prezidentinə müraciətində ətraflı şərh edilib. Geniş və hərtərəfli islahatlar strategiyası, cəmiyyətin yeniləşməsinin növbəti mərhələyə qədəm qoyması, mərkəzi və yerli icra hakimiyyətində, ümumiyyətlə dövlət idarəçiliyində ciddi struktur və kadr dəyişiklikləri, məhkəmə hakimiyyətində həyata keçirilən islahatlar həyatımızın ayrılmaz reallığına çevrilib. Mahiyyətcə islahatlar geriyədönməz xarakter kəsb edib və qarşıya qoyulan möhtəşəm vəzifələrə nail olunması onun ardıcıllığının təmin olunmasından, əhatə dairəsinin genişləndirilməsindən çox asılıdır. Bu mənada qanunverici  orqanın yeniləşməsi tələbi obyektiv zərurətə, sosial sifarişə çevrilir.” Bu fikirləri Baş nazirin müavini, YAP-ın Sədr müavini – İcra katibi Əli Əhmədov özünün rəsmi facebook səhifəsində paylaşım etdiyi “Parlament seçkiləri və radikalların boykot çağırışları”  sərlövhəli məqalədə oxucuların diqqətinə catdırıb. 

Əli Əhmədov islahatların zəruriliyini vurğulayaraq bildirib: “Bütün digər sahələrdə olduğu kimi, qanunverici hakimiyyət sahəsində gözlənilən islahatlardan, Milli Məclisin geniş mənada başa düşülən yeniləşməsindən cəmiyyətin mühüm gözləntilərinin olduğu aydın hiss olunmaqdadır. Ən başlıcası, qanunverici hakimiyyətin ölkədəki inkişaf və yeniləşmə dinamikasına uyğunlaşması, islahatların hüquqi bazasının yaradılması prosesinə daha əhəmiyyətli töhfə vermək imkanlarının genişlənməsi ictimai rəydə formalaşan gözlənti kimi qeyd oluna bilər.

Görünən odur ki, Azərbaycan cəmiyyəti geniş və əhatəli islahat və yeniləşmə ab-havasında yaşamaqdadır. Qarşıdan gələn parlament seçkiləri bu ab-havanı formalaşdıran vacib səbəblərdən biridir. Dövrlə, onun tələbləri ilə ayaqlaşmağa çalışan bütün siyasi partiyalar hazırda seçkilərə hazırlaşır, baxışlarını və platformalarını cəmiyyətə təqdim etməyə çalışırlar. Parlamentin vaxtından əvvəl buraxılması təşəbbüsünün müəllifi olan Yeni Azərbaycan Partiyası bu sırada öz fəallığı ilə xüsusilə seçilir və bu tamamilə təbiidir.

Cəmiyyətin və partiyaların əksəriyyətinin seçki əhval-ruhiyyəsində olduğu bir zamanda tamam fərqli yanaşma və baxış sərgiləyən partiyalar da var. Anormal olan da məhz budur. Partiya adını daşıyan bəzi qruplar seçkiyə getmək və ya getməmək müzakirələri aparırlar. Söhbət radikallardan gedir.”

Baş nazirin müavini Əli Əhmədov daha sonra qeyd edib: “Dəfələrlə qeyd edilən tezisi bir daha vurğulamağa ehtiyac yoxdur ki, hər bir siyasi partiyanın mövcudluğunu şərtləndirən əsas amil onun seçkilərdə iştirakıdır. Seçkilərdə iştirak etməmək, yaxud onu boykot etməyə çağırış, ən yumşaq şəkildə desək, partiyanın yerinə yetirməli olduğu başlıca vəzifəsinə biganə yanaşma nümunəsidir. Bunun birinci səbəbi boykota çağırış səsləndirən partiyaların ictimai dayağının, sosial bazasının zəifliyi, bəlkə də ümumiyyətlə olmamasıdır. Son dövrlərdə Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar Prezidentin və ümumiyyətlə hakimiyyətin ictimai dəstəyini daha da artırıb. Bir neçə həftə əvvəl aparılmış sosioloji sorğunun nəticələri deyilənləri sübuta yetirir. Müxalifətin reytinqi isə aşağı düşməkdə davam etməkdədir. Deməli, radikalların az-çox uğurlu sayıla biləcək seçki kampaniyası aparmaq imkanları getdikcə məhdudlaşır. İndi onlara, necə deyərlər, sifətlərini saxlamaq naminə bəhanə axtarmaqdan daha uğurlu variant qalmır. Belə bir bəhanəni isə, onlar yenə də iqtidara böhtan atmaqda, guya ölkədə seçki mühitinin olmamasında görürlər və yerinə yetirilməsi bir çox səbəblərdən mümkün olmayan şərtlər irəli sürürlər. Məsələn, radikalların irəli sürdüyü bəzi şərtlərin Konstitusiyada və Seçki Məsəlləsində dəyişikliklər edilməsini nəzərdə tutduğunu göstərmək yetər ki, seçkilərin demək olar ki, artıq  elan edildiyi bir vaxtda bu şərtlərin nə qədər qeyri-ciddi, əslində isə bəhanə olduğu dərk edilsin.

Vurğulanmalı digər motiv isə radikalların ümumiyyətlə siyasi mübarizə forması kimi seçkilərdə maraqlı olmaması göstərilməlidir. Radikalların siyasi fəlsəfəsi və mədəniyyəti gərginlik və qarşıdurma yaratmaq üzərində qərarlaşıb və hakimiyyət uğrunda mübarizədə sivil formalardan istifadə etmək istəyindən uzaqdır. 30 il ərzində onların siyasi mübarizəsinin forma və üsulları dəyişməyib və yenə də XX əsrin 90-cı illərinin əvvəllərində istifadə etdikləri taktikadan kənara çıxa bilmirlər. Lakin zaman dəyişib, dövlət və hakimiyyət güclənib, əhalinin demokratiya baxışları və siyasi mədəniyyəti əhəmiyyətli dərəcədə yüksəlib. Buna görə 30 il əvvəllki metodlar sadəcə olaraq işə yaramır. Radikalların, radikalizmin iflasının səbəbi köhnə, vaxtı çoxdan keçmiş təfəkkürün daşıyıcısı olmasındadır. Hər yerdə yeniliyin, yeniləşmənin müşahidə olunduğu Azərbaycanda köhnəliyə yer yoxdur.”

Radikal müxalifətin sosial dayağının olmadığını vurğulayan Əli Əhmədov sonda bildirib: “Boykot çağırışına gəldikdə isə, radikalların yetərincə sosial dayağı olsaydı, seçicilərin səsini qazanmaq haqqında düşünərdilər. Əsl həqiqət ondan ibarətdir ki, radikallar cəmiyyət tərəfindən boykot olunub və onların çağırışını kimsə nə eşidir, nə də eşitmək istəyir.

Yeni Azərbaycan Partiyası bütün partiyaları Milli Məclisə keçiriləcək seçkilərdə iştiraka, öz gücünü sınamağa, xalqla səmimi dialoq şansından faydalanmağa çağırır. İstənilən halda seçkilərə qatılmaq partiya üçün faydalıdır. Mən bunu Yeni Azərbaycan Partiyasının çoxillik seçki təcrübəsinə istinadən deyirəm. Kimsə bu şansdan istifadə etmək istəmirsə, demək niyyəti məkrlidir.”