YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Koreyanın Baş naziri Çanq Honqvon: Azərbaycanın böyük uğurlar qazanması məndə dərin təəssürat yaradıb

Noyabrın 26-dan Azərbaycanda rəsmi səfərdə olan Koreya Respublikasının Baş naziri Çanq Honqvon AzərTAc-a müsahibəsini təqdim edirik.

- Cənab Baş nazir, bu il Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 22 illiyi qeyd olunur. 2008-ci ildən indiyədək bu, Koreya Baş nazirinin Azərbaycana ikinci rəsmi səfəridir. Əlaqələrimizin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?
- Koreya-Azərbaycan əlaqələri yüksək vəzifəli rəsmilərin qarşılıqlı səfərləri, iqtisadi əməkdaşlıq, mədəniyyət və digər sahələrdə sürətlə inkişaf edir. Diplomatik əlaqələrin yaranma tarixinin yeni olmasına baxmayaraq, hər iki ölkə beynəlxalq müstəvidə BMT və digər qurumlarda sıx əməkdaşlıq münasibətlərini davam etdirir.
Fikrimcə, Prezident İlham Əliyevin 2007-ci və 2012-ci illərdə Koreya Respublikasına səfərləri, diplomatik əlaqələrimizə böyük dəyər verməsi və diqqət yetirməsi münasibətlərimizin dərinləşməsində mühüm rol oynayıb.
Azərbaycan Respublikası qeyri-neft sektorunu inkişaf etdirmək və infrastrukturunu müasirləşdirmək, iqtisadiyyatını daha da yüksəltmək istiqamətində həyata keçirdiyi proqramların dəstəklənməsində düşünürəm ki, Koreya Respublikası ən yaxşı tərəfdaşlardan biridir.
Koreyanın Baş naziri olaraq, qətiyyətlə bildirirəm ki, müxtəlif sahələrdə ikitərəfli əlaqələrimizin daha da inkişafı, fikir mübadilələrinin aparılması və xalqlarımızın qarşılıqlı anlaşmasının dərinləşdirilməsinə daim diqqət yetirəcək və dəstək verəcəyəm.
- Ölkələrimiz arasında ticarət dövriyyəsinin artması ikitərəfli əlaqələrin uğurlu göstəricisidir. 2013-cü ilin statistikasına nəzər yetirsək görərik ki, ticarət dövriyyəsi 300 milyon dollar təşkil edib. Sizcə, bu rəqəm ölkələrimizin iqtisadi inkişaf templərinə və siyasi əlaqələrinə münasibdirmi?
- Hər iki ölkənin böyük potensialını nəzərə alsaq, əlbəttə ki, ticarət dövriyyəsinin həcminin 300 milyon dollar olması bu potensialı əks etdirmir. Lakin ticarət artımının cari tempini nəzərə alsaq görərik ki, inkişaf uğurla davam edir. 2003-cü ildə qarşılıqlı ticarət dövriyyəsi 10 milyon ABŞ dolları olub. Lakin həm hökumətlərin, həm də şirkətlərin əməkdaşlığa maraq göstərməsi və qarşılıqlı olaraq ehtiyacların ödənilməsinə əsaslanan iqtisadi strukturlar sayəsində son on ildə Koreya və Azərbaycan arasında ticarətin həcmi 30 dəfə artıb.
Azərbaycanda yol, metro, neft-kimya zavodlarının tikintisi və Bakıda keçiriləcək birinci Avropa Oyunları üçün stadionun inşası və digər sahələrdə əməkdaşlığın genişləndirilməsindən məmnunluq duyuram və düşünürəm ki, ticarət və sərmayənin də həcmi müvafiq şəkildə artacaq.
- İnnovasiyaları və yeni texnologiyaları inkişafın lokomotivi adlandırırlar. Koreya bu sahədə Azərbaycana nələri təklif edə bilər?
- Koreya avtomobil, yarımkeçiricilər, neft-kimya məhsullarının istehsalı, gəmiqayırma, informasiya texnologiyaları və digər sahələr üzrə qabaqcıl təcrübəyə malikdir. Ölkəmizin tikinti və infrastrukturun təşkilinin sintezini və daxili şəbəkəni özündə cəmləşdirən ən müasir İKT ekosisteminin yaradılmasında böyük üstünlükləri var.
Bakının mərkəzində nəqliyyat sistemini və real vaxtda nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı məlumatı özündə birləşdirən müasir nəqliyyatın intellektual idarə edilməsi sistemi yeni texnologiyalar sahəsində ikitərəfli əməkdaşlığımızın uğurlu bariz nümunəsidir.
Ötən ilin dekabrından etibarən Koreya hökuməti və şirkətləri “ağıllı sinif”in yaradılması üzrə uğurlu pilot layihəsi həyata keçirir. Bu layihə tələbə və müəllimləri təhsil sahəsində ən müasir texnologiyalarla təmin edəcək.
Əminəm ki, ikitərəfli əməkdaşlığın inkişafı üçün böyük potensial var. Azərbaycan sənayenin şaxələndirilməsi və yeni güclərin yaradılması yolu ilə gedərək iqtisadiyyatını dinamik inkişaf etdirir. Koreya isə texnologiya və kommersiyalaşdırma qabiliyyətinə malikdir. Bütün bunlar qarşılıqlı əməkdaşlıq üçün böyük imkanlar açır.
- BMT-nin “elektron hökumət” barədə 2014-cü il üzrə araşdırmalarına görə Azərbaycan Çin və Türkiyəni qabaqlayaraq 68-ci yerdə qərarlaşıb. Ölkələrimiz arasında bu sahələrin daha da inkişaf etdirilməsinin perspektivlərini necə qiymətləndirirsiniz?
- BMT-nin “elektron hökumət” araşdırmasına əsasən, 2010-cu illə müqayisədə 28 pillə irəliləyərək 2014-cü ildə 68-ci yerdə qərarlaşan Azərbaycanın “elektron hökumət” sisteminin sürətli inkişafını yüksək dəyərləndirirəm. “Elektron hökumət” təchizat sahəsində ictimai xidmətin, məlumatın saxlanılmasının, inzibati idarəçiliyin səmərəliliyini artıran çox faydalı infrastruktur formasıdır və insanların gündəlik həyatlarını daha da asanlaşdırır.
Koreya “elektron hökumət” sisteminin yaradılması və inkişafı üçün Azərbaycan ilə fəal surətdə təcrübə və biliklərini paylaşır.
Hazırda, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyində elektron təhsil mərkəzinin yaradılması üzrə layihə həyata keçirir və bununla əlaqədar olaraq Azərbaycanın hökumət rəsmiləri üçün müxtəlif təlim proqramları təşkil edir. Koreya, həmçinin gələcəkdə Azərbaycan ilə elektron təchizat və mərkəzləşdirilmiş maliyyə menecmenti məlumatı sistemləri sahələrində əməkdaşlığı genişləndirməyə çalışacaq.

- Azərbaycanın əlverişli investisiya mühiti Koreya şirkətlərini də ölkəmizə cəlb edib. Bu şirkətlər daha hansı sahələrə investisiya yatırmağı nəzərdə tuturlar?
- Dünya Bankının iş mühiti indeksinə dair “Biznesin Təşkili 2015” nəşrinə əsasən, Azərbaycan Respublikası daha 8 ölkəni geridə qoyaraq, 88-ci yerdən 80-ci yerə yüksəlib. Azərbaycan xüsusilə biznesin təşkili, vergi sistemi və mülkiyyətin qeydiyyatı sahələrində daha uğurlu addımlar ataraq müvafiq surətdə 12-ci, 33-cü və 10-cu sıralarda qərarlaşıb.
Azərbaycanın ənənəvi neft-qaz sənayesindən başqa, infrastruktur və tikinti, müdafiə sənayesi, İKT və alternativ enerji sahələrində dinamik inkişafı nəzərə çarpır və düşünürəm ki, bu, Koreya şirkətləri üçün cəlbedici sərmayə sahələridir.
- Azərbaycan və Bakı haqqında fikirlərinizi bilmək maraqlı olardı.
- Məlumdur ki, Azərbaycan Qafqaz sivilizasiyasının mərkəzidir və paytaxt Bakı orta əsrlərdən bəri sönməz alovu ilə məşhurdur.
Bakı şəhərində sürətli inkişaf gedir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın son illərdə qazandığı böyük uğurlar məndə dərin təəssürat yaradıb. Azərbaycanın gələcəkdə Mərkəzi Asiya və Xəzər regionlarının qabaqcıl ölkəsi olaraq inkişafa doğru daha böyük sıçrayış edəcəyinə əminəm.
Coğrafi mövqelərinə görə bir-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, ölkələrimizi yaxınlaşdıran dəyərlər var. Bizim bir çox adət-ənənələrimiz oxşardır - böyüklərə hörmət, qonaqpərvərlik və s.
Azərbaycan hökuməti və xalqının ölkəmə dost münasibətini yüksək dəyərləndirir və əlaqələrimizin gələcəkdə daha da güclənməsi üçün səylərimi əsirgəməyəcəyimə bir daha bəyan edirəm.

 

DİGƏR Xəbərlər Arxiv