YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Rusiya arasında gənclər siyasəti sahəsində əməkdaşlığa dair Saziş imzalanıb

Noyabrın 14-də Bakıda Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Gənclərlə İş üzrə Şurasının iclası çərçivəsində “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb.

Sənədi Azərbaycan tərəfdən Gənclər və İdman naziri Azad Rəhimov, Rusiya tərəfdən isə Elm və Ali Təhsil nazirinin müavini Marina Borovskaya imzalayıblar.

İmzalanma mərasimində çıxış edən Azad Rəhimov Azərbaycanın və Rusiyanın strateji tərəfdaş olduqlarını qeyd edərək deyib: “Azərbaycan ilə Rusiya arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi mühüm əhəmiyyət daşıyır. Ölkələrimiz arasında bütün sahələrdə yüksək əməkdaşlıq mövcuddur. Bu Saziş münasibətlərin inkişafında vacib mərhələdir. Əminik ki, müqavilə Rusiya və Azərbaycan gənclərinin daha sıx əməkdaşlığı üçün geniş imkanlar yaradacaq”.

Marina Borovskaya ölkələrimiz arasında gənclər sahəsində mühüm işlərin görüldüyünü bildirib. O, imzalanan müqavilənin gələcəkdə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi üçün daha geniş imkanlar açacağını vurğulayaraq deyib: “Gənclər bizim gələcəyimizdir. Azərbaycan ilə Rusiya arasında gənclər sahəsində əməkdaşlıq bu sahənin inkişafına mühüm töhfələr verir. İnanırıq ki, ölkələrimiz arasında gənclər sahəsində əməkdaşlıq daha da inkişaf edəcək”.

Qeyd edək ki, bu Saziş iki ölkə arasında gənclər sahəsində əməkdaşlığa dair imzalanan ilk sənəddir.

Gənclərlə İş üzrə Şura “Müstəqil Dövlətlər Birliyinin üzv dövlətlərinin gənclərlə iş sahəsində əməkdaşlığına dair” 2005-ci il 25 oktyabr tarixli Sazişin icrası məqsədilə yaradılıb. Üzv dövlətlərin gənclərlə iş üzrə səlahiyyətli nümayəndələrindən ibarət Şuranın iclasları ildə iki dəfədən az olmayaraq keçirilir.