YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

İran və Azərbaycan inkişaf etdikcə strateji tərəfdaşa çevrilirlər

İran İslam Respublikasında səfərdə olan Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov bu ölkənin kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbii ilə görüşüb.
Əli Həsənov bildirib ki, İran zəngin dövlətdir və qədim dövlətçilik tarixinə malikdir. İranın güclü olması ona dost Azərbaycan dövlətinin də xeyrinədir. Rəsmi Bakı hesab edir ki, Azərbaycanın da qüdrətli dövlətə çevrilməsi İranın maraqlarına uyğundur.
Ölkəmizin iqtisadi inkişafı haqqında məlumat verən Baş nazirin müavini deyib ki, artıq Azərbaycan dünyada sürətlə inkişaf edən dövlətlər sırasına çıxıb. Son 5 ildə Azərbaycan sənaye və istehsal potensialına görə dünyada ilk yerlərdən birini tutur. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsidir ki, ölkədə inflyasiya cəmi 2 faiz təşkil edir. Ötən 10 il ərzində 1 milyon 200 min yeni iş yeri açılıb. Ümumi daxili məhsul istehsalı cari ilin yekununa görə 76 milyard dollar, onun adambaşına düşən hissəsi isə 8 min dollar təşkil edib. Orta aylıq əmək haqqı 580 dollara, orta aylıq pensiya isə 224 dollara çatıb. Gələn il büdcə gəlirlərinin 28 milyard dollar, xərclərinin isə 33 milyard dollar olacağı proqnozlaşdırılır.
İran-Azərbaycan əlaqələrindən danışan Əli Həsənov qeyd edib ki, bu əlaqələrin əsasını Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1970-ci illərdə qoyub və 1990-cı illərdə davam etdirib.
Baş nazirin müavini görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də bəhs edib.
Baş nazirin müavini diqqətə çatdırıb ki, İran həmişə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə obyektiv yanaşıb, ölkəmizin ərazi bütövlüyünü tanıyıb, beynəlxalq təşkilatların tədbirlərində mövqeyimizi dəstəkləyib.
İran Prezidenti Həsən Ruhaninin bu yaxınlarda Azərbaycana etdiyi səfərə toxunan Baş nazirin müavini bu səfərin qarşılıqlı əməkdaşlıq əlaqələrimizin inkişafında xüsusi rol oynayacağını vurğulayıb. 

DİGƏR Xəbərlər Arxiv