YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Türkiyə Mədəniyyəti Günləri başlayıb

Noyabrın 23-də Bakıda, Heydər Əliyev Mərkəzində Türkiyə Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib.
Hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələrinin, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdikləri mərasimdə əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səslənib.
Açılış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda Türkiyə Mədəniyyəti Günlərinin keçirilməsinin ölkəmiz üçün əlamətdar hadisə olduğunu bildirib. Nazir deyib: “Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ilk dəfədir ki, ölkəmizdə Türkiyənin Mədəniyyət Günləri keçirilir. Bu tədbir həm də xalqlarımızın tarixi köklərinin yaxınlığı və gələcək münasibətlərimiz baxımından əhəmiyyət daşıyır. Belə bir möhtəşəm məkanda - Heydər Əliyev Mərkəzində isə ilk dəfədir ki, bir ölkənin mədəniyyət günlərinin açılış mərasimi keçirilir”.
Əbülfəs Qarayev vurğulayıb ki, Azərbaycan və Türkiyə rəhbərləri arasında dostluq münasibətləri, ölkələrimizin birgə platformalarda iştirakı türk dünyasının güclü olduğunu sübut edir. Bu yaxınlarda Azərbaycanın birini xanımı, Heydər Əliyev Fondunun prezidenti, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın iştirakı ilə İstanbulda “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimatı keçirilib. Biz hamımız çox böyük maraqla bu mühüm hadisəni izləyərək Türkiyə nümayəndələrinin Azərbaycanın bu uğuruna sevindiklərini, şərəf duyduqlarını bir daha gördük.
Nazir iki il bundan əvvəl Azərbaycan Mədəniyyəti Günlərinin Türkiyədə uğurla keçirildiyini xatırladıb. O, Bakıda keçirilən Türkiyə Mədəniyyəti Günlərinin xalqımız tərəfindən maraqla qarşılanacağına əminliyini ifadə edib.
Türkiyənin mədəniyyət və turizm naziri Ömər Çelik mədəniyyət günlərinin təşkilinin ölkəsi üçün böyük əhəmiyyət daşıdığını deyib. Nazir vurğulayıb ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” kimi müdrik kəlamı ölkələrimiz arasında münasibətlərin bütün sahələrində özünü təsdiqləyir.
Türkiyə Mədəniyyəti Günlərinin Bakıda təşkili Azərbaycan və Türkiyə arasında təkcə siyasətdə və iqtisadiyyatda deyil, mədəniyyət və incəsənətdə də əbədi olaraq bir yerdə olduğumuzu bir daha sübut edir.
Qeyd edilib ki, mədəniyyət günləri çərçivəsində əl işləri və fotosərgilər, folklor konserti, film və teatr nümayişi nəzərdə tutulub.
Mərasimdə Türkiyə mədəniyyətinin tanıtım videosu nümayiş etdirilib.
Daha sonra İstanbul Tarixi Türk Musiqisi Topluluğu mehter kollektivinin, Əməkdar Artist Azərinin, Türkiyədən Nilgün Kızılcının, Zafer Albayrakın, Dövlət Xalq Rəqsləri Ansamblının çıxışları olub.
Türkiyə Mədəniyyəti Günləri noyabrın 27-dək davam edəcək.

 

DİGƏR Xəbərlər Arxiv