YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Xətai rayon təşkilatında sosial şəbəkələrdə fəallığın artırılmasına dair müzakirələr aparılıb

Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının ilk ərazi təşkilatlarının nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.

YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov tədbirdə çıxış edərək günümüzün əsas çağırışlarından olan sosial şəbəkələrdə fəallığın artırılmasından, Azərbaycanın bugünkü uğurlarından danışıb. Bildirib ki, 28 illik müstəqillik tarixinə malik Azərbaycanın uğurlarının miqyası geniş olmaqla yanaşı, gələcəyə daha böyük hədəflərlə irəliləməyə əsas yaradır. Təəssüf ki, Azərbaycanı istəməyən qüvvələr çirkin niyyətlərini, uğurlarımıza kölgə salmaq cəhdlərini, ən əsası dünyada sabitlik, təhlükəsiz ölkə kimi qazandığı imicə zərbə vurmaq istəklərini daxili bədxahlarımızın vasitəsilə gerçəkləşdirməyə səy göstərirlər.

H.Mirələmov diqqəti oktyabrın 19-da keçirilən icazəsiz aksiyaya yönəldərək bildirib ki, bir qrup təxribatçı ünsürlər xaricdən aldıqları qrantların müqabilində ölkədə qarşıdurma yaratmağa, sabitliyi pozmağa can atırlar. Lakin xalq-iqtidar birliyinin möhkəmliyi, asayişi yüksək səviyyədə qoruyan hüquq-mühafizə orqanlarının fədakarlığı sayəsində bu cəhdlərin qarşısı qətiyyətlə alındı. Azərbaycan xalqı bu ünsürlərin əsl sifətini bir daha gördü. Belə qüvvələrə qarşı sərt mövqeyimizi sosial şəbəkələrdə bildirməli, onların əsassız təbliğatlarını Azərbaycanın reallıqları ilə cavablandırmalıyıq.

YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, Azərbaycana bu gün hansı sahədən baxsaq böyük inkişafın, tərəqqinin şahidi olarıq. Ölkəmizin bu gün Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə ev sahibliyi etməsi Azərbaycanın beynəlxalq nüfuzunun, siyasi çəkisinin göstəricisidir. Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin həyata keçirdiyi alternativi olmayan islahatları beynəlxalq səviyyədə təqdir olunur, nüfuzlu maliyyə qurumlarının hesabatlarında mövqeyinin möhkəmlənməsini şərtləndirir. Ölkəmizin 28 illik müstəqillik tarixində əldə etdiyi davamlı uğurlar harada yaşamasından asılı olmayaraq, bütün soydaşlarımızda qürur hissi yaradır. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, 10 milyonluq ölkəyik.

V.Rəhimzadə Azərbaycanı istəməyən qüvvələrin sosial şəbəkələrdə apardıqları əsassız, qərəzli təbliğata qarşı hər birimizin vətəndaşlıq təəssübkeşliyindən bəhrələnərək sərt mövqeyimizi ortaya qoymağımızın vacibliyini bildirib. Bu gün ölkəmizin ictimai-siyasi həyatında aparıcı təşkilat olan Yeni Azərbaycan Partiyasının sıralarında birləşdirdiyi 750 minə yaxın üzvün hər biri bu işdə öz fəallığını nümayiş etdirməli, Azərbaycan reallıqlarının, dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi siyasətin təbliğatçısına çevrilməlidirlər. Azərbaycanın uğurlarına qara eynəkdən baxmağa adətkar olan dağıdıcı ünsürlər 19 oktyabr icazəsiz aksiyaları ilə hansı məqsədə və kimlərə xidmət etdiklərini bir daha nümayiş etdirdilər.

Xətai Rayon İcra Hakimiyyəti Aparatının şöbə müdiri Pənah İmanov Azərbaycanın gündən-günə güclənən iqtisadi qüdrətindən, beynəlxalq aləmdə möhkəmlənən mövqeyindən geniş bəhs edərək bildirib ki, bu gün dünyaya səs salan yeniliklərimiz, imza atdığımız uğurlar Azərbaycan dövlətinin düşünülmüş və məqsədyönlü siyasətinin nəticəsidir. P.İmanov sosial şəbəkələrdə fəallığın artırılması istiqamətində göstərilən səylərdən geniş bəhs edərək, YAP Xətai rayon təşkilatının özündə birləşdirdiyi hər bir ərazi ilk partiya təşkilatının üzvlərini fəal olmağa çağırıb: “Bu, bizim ümumi işimizdir. Çalışmalıyıq ki, Azərbaycanın uğurlarına kölgə salmağa çalışan xarici və daxili bədxahlarımızın əsassız cəhdlərini reallığa söykənən faktlarımızla cavablandıraq. Dövlətimizin başçısı İlham Əliyevin daim çıxışlarında qeyd olunduğu kimi, heç bir xarici qüvvə xalqımızın iradəsinə təsir göstərmək imkanında deyil. Azərbaycan müstəqil dövlətdir. Atdığı hər addımında müstəqil siyasət yürütdüyünü təsdiqləyir”.

Tədbirə yekun vuran Hüseynbala Mirələmov gəncləri daha fəal olmağa çağırıb. Bildirib ki, bu günün gəncləri müstəqilliyimizin ilk illərində ölkəmizə rəhbərlik edənlərin Azərbaycanı hansı faciələrlə üz-üzə qoymalarından xəbərsizdir. Onlara müstəqillik yolumuzun heç də hamar olmadığı, ən əsası bu gün hakimiyyətə can atan həmin ünsürlərin bir illik iqtidarı dövründə ölkəni hansı duruma saldıqları barədə dolğun məlumatlar verilməlidir.