YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar İbrahimov: Ötən 10 il ərzində türkdilli dövlətlər arasında münasibətlər daha da güclənib

“Türkdilli dövlətləri bir-birinə tarixi, milli, dini və mədəni köklər bağlayır. Bu baxımdan, münasibətlərimiz dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Bakı şəhərində Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü də döstluq və qardaşlıq mühitində keçirildi”. Bu fikirləri yap.org.az saytına YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, son illər türkdilli ölkələr arasında əlaqələr daha da genişlənir. Onun sözlərinə görə, Özbəkistanın Türk Şurasına tam hüquqlu üzv olması, Macarıstanın təşkilatın işində fəal iştirak etməsi türk birliyini daha da gücləndirəcək.

“Ümummilli Liderimiz Heydər Əliyev türkdilli ölkələrin birliyi üçün böyük xidmətlər göstərib. Bu gün Onun ideyaları inkişaf edir. Bilirsiniz ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının  əsası 2009-cu il oktyabrın 3-də Azərbaycanın qədim şəhəri Naxçıvanda qoyulub. Naxçıvanı təmsil edən millət vəkili deyə bilərəm ki, bu sazişin imzalanması Naxçıvanın da həyatında mühüm tarixi hadisə oldu. Ötən 10 il ərzində türkdilli dövlətlər arasında əməkdaşlığın müxtəlif formaları inkişaf etdirilib, münasibətlərimiz daha da güclənib. Naxçıvan Sazişinin imzalanması türkdilli ölkələrin əməkdaşlığının inkişafında yeni mərhələ olub. Sazişin əsas məqsədi türk dilli dövlətlərin bir araya gəlməsi, bütövlükdə türk dünyası dövlətləri arasında inteqrasiyanın sürətlənməsi idi. Təşkilatın səmərəli fəaliyyəti siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrimizin inkişafına mühüm töhfələr verib.

Bu gün türkdilli ölkələrin siyasi fəallığı dünya siyasətinin gündəliyinin müəyyən edilməsinə getdikcə daha çox təsir göstərir. Şərq və qərb sivilizasiyaları arasında mənəvi körpü rolunu oynamış türkdilli xalqlar tarix səhnəsində yenidən mütəşəkkil qüvvə kimi çıxış etməyə başlayıb. Türkdilli xalqların inteqrasiyası yolunda Ümummilli Liderimiz Heydər Əliyevin müdrik təşəbbüsləri hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşündə Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin əhəmiyyətini xüsusi vurğulayıb. Hesab edirəm ki, türkdilli ölkələrin əlaqələri bundan sonra daha da güclənəcək”-deyə, YAP İdarə Heyətinin üzvü vurğulayıb.