YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

XİN: Ermənistanın əsl məqsədi münaqişənin sülh yolu ilə həllinə imkan verməməkdir

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev 1991-ci il noyabrın 20-də Ağdam rayonunun Mərzili kəndi ərazisində ermənilər tərəfindən helikopterin vurulmasının ildönümü ilə bağlı bəyanat yayıb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə bəyanatda deyilir: “1991-ci il noyabrın 20-də Azərbaycan Respublikasının Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində ermənilər tərəfindən içərisində Azərbaycan, Rusiya və Qazaxıstanın dövlət rəsmilərinin, deputatların və jurnalistlərin olduğu helikopter vurulmuşdur. Helikopterin vurulması nəticəsində 22 nəfər faciəli şəkildə həlak olmuşdur.
Aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində helikopterin vurulmasının Ermənistanın təhlükəsizlik orqanları tərəfindən təşkil edildiyi müəyyən edilmişdir.
Ermənistanın Azərbaycana hərbi təcavüzünün tərkib hissəsi kimi sonrakı illərdə də bu ölkənin Azərbaycana qarşı terror əməlləri davam etdirilmiş, mülki şəxsləri daşıyan uçuş vasitələrinin vurulması həyata keçirilmiş, nəqliyyat vasitələrində, o cümlədən metroda 30-dan artıq terror aktı təşkil edilmişdir.
Ermənistan tərəfindən 1991-ci il noyabrın 20-də Qarakənd faciəsinin törədilməsi nəticəsində sülh təşəbbüsü ilə regiona səfər edən yüksək vəzifəli şəxslər və ictimai-siyasi xadimlərin fiziki məhvi həyata keçirilmiş və münaqişənin ilkin mərhələdə sülh yolu ilə həllinə imkan verilməmişdir. Bu fakt bir daha ona dəlalət edir ki, Ermənistanın əsl məqsədi münaqişənin sülh yolu ilə həllinə imkan verməmək və Azərbaycanın ərazilərini işğal etməkdir.
Bu ənənələrinə sadiq qalan Ermənistan tərəfindən bu gün də münaqişənin sülh yolu həlli ilə əlaqədar hər hansı təşəbbüs irəli sürülən zaman təxribatlara əl atılır və bütün vasitələrlə danışıqlar prosesinə xələl gətirilir”.