YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Naqif Həmzəyev: Azərbaycan terrora qarşı mübarizədə daim Türkiyəni dəstəkləyib

Bu günlər dünya siyasətçilərinin, Kütləvi İnformasiya Vasitələrinin diqqəti Türkiyənin Suriyanın şimalında, Fərat çayından şərqdə başlatdığı hərbi əməliyyatlara yönəlib.

Bu barədə açıqlamasında Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Naqif Həmzəyev bildirib.

Hər gün qarşılaşdığı terror aktları, qonşu ölkələrdəki münaqişələrin təsiri, sonu hələ də görünməyən Suriya böhranının yaratdığı fəsadlar, qaçqın axını kimi vacib məsələlərin birdəfəlik həll edilməsi üçün qardaş Türkiyə bu dəfə terrorçulara qarşı daha genişmiqyaslı əməliyyata start verdi. Türkiyənin üstünə kabus kimi çökən terrordan azad olmaq üçün prezident Rəcəb Tayib Ərdoğan öz ölkəsinin ərazi bütövlüyünü və təhlükəsizliyini qorumaq üçün Suriyanın şimalında təhlükəsizlik zonasının yaradılması məsələsini ortaya qoydu. Rəcəb Tayyib Ərdoğan açıq-aşkar ifadə etdi ki, Türkiyəni müharibəyə cəlb etmək, terrorçu qruplaşmalarla üz-üzə qoymaq, ölkə iqtisadiyyatını çökdürmək istəyirlər. Aydın məsələdir ki, belə olan halda antiterror əməliyyatları aparmaq qaçılmazdır. Türkiyə ya erməni əsilli PKK terror təşkilatının təxminən qırx il ərzində ölkədə yaratdığı kabusa, təhdidlərə dözməli, ya da bu problemi kökündən həll etməli idi.

Türkiyə Silahlı Qüvvələrinin qoşun birləşmələrinin Fərat çayının şərqində başladığı “Sülh çeşməsi” (Barış Pınarı) antiterror əməliyyatı
Türkiyə Suriyada başladığı sayca üçüncü hərbi əməliyyatdır. Məqsəd isə heç bir milli və dini ayrı-seçkiliyə yol vermədən sərhədboyu ərazidə təhlükəsizlik bölgəsi yaratmaq üçün ərazini terrorçulardan təmizləməkdir. Bununla bağlı Türkiyənin Prezidenti Suriyanın şimalında sonuncu terrorçu məhv edilənə qədər hərbi əməliyyatlar davam etdirəcəyini bildirib.

Yaxşı gündə də, çətin gündə də Türkiyənin yanında olan Azərbaycan Respublikası terrora qarşı mübarizələrdə daim qardaş ölkəni dəstəkləyib. Türkiyə dövləti beynəlxalq aləmdə Azərbaycanın fəal tərəfdarı kimi çıxış edərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün Azərbaycanın göstərdiyi bütün səyləri həmişə müdafiə edib.

Tarix boyu hər iki ölkə arasında davam edən qardaşlıq, dostluq münasibətlər o səviyyyə çatıb ki, bunun əksini düşünmək belə mümkün deyil. Türkiyə kimi Azərbaycan da terrordan ən çox zərər çəkən ölkələrdən biridir. 1980-ci illərin sonundan etibarən, Ermənistan Respublikası əsassız və qanunsuz ərazi iddialarını həyata keçirmək üçün Azərbaycana qarşı dəfələrlə, minlərlə vətəndaşın ölümünə səbəb olan terror hücumlarına məruz qalıb. Ermənistan öz güc strukturlarının bilavasitə iştirakı ilə hazırladığı həmin terror aktlarını beynəlxalq terror qruplarından istifadə edərək törətmişdir.

Əsas hədəfləri Türkiyə və Azərbaycan olan dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən çoxsaylı ermənilərin terrorçu təşkilatları bilməlidir ki, tarixin ağır sınaqlarından alnıaçıq çıxan bu iki qardaş ölkə bir birinə dəstək və arxadır.

Həmişə olduğu kimi, bu dəfə də Azərbaycan qardaş ölkənin atdığı addımları və siyasəti birmənalı olaraq dəstəkləyir. Türkiyənin və Dağlıq Qarabağın erməni əsilli terrorçulardan təmizlənəcəyi, zəfər müjdəsinin bayram ediləcəyi gün uzaqda deyil.