YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP İcra Katibliyində Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev mətbuat konfransı keçirib

Oktyabrın 10-da Yeni Azərbaycan Partiyasının İcra Katibliyində Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev mətbuat konfransı keçirib.

R.Rzayev bildirib ki, bu gün Azərbaycan güclü dövlətdir. Onun sözlərinə görə, Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişaf proqramlarının uğurlu icrasını hər bir vətəndaş öz həyatında hiss edir: “Bu baxımdan qaçqın və məcburi köçkünlərə göstərilən xüsusi qayğı da böyük əhəmiyyət daşıyır. Ulu Öndər Heydər Əliyev bu qəbildən olan insanlara daim diqqət və qayğı ilə yanaşıb, onların sosial müdafiəsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində xeyli iş görüb. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva fəaliyyətlərində qaçqın və məcburi köçkünlərə diqqət və qayğını davam etdirirlər. 2003-cü ildən bu günədək Prezident İlham Əliyev qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların məşğulluğunun təmin edilməsi ilə bağlı xeli sayda  fərman və sərəncam imzalayıb, bir çox proqramlar qəbul edilib. Prezident İlham Əliyev hələ 2003-cü ildə elan etdiyi kimi qısa müddət ərzində bütün çadır düşərgələri ləğv edilib”.

Dövlət Komitəsinin  sədri bildirib ki, məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşması  Prezident sosial iqtisadi fəaliyyətinin nəticəsidir. Qobu park yaşayış kompleksin 1-ci mərhələsində 1026 ailə evlə təmin olunub. Bugünlərdə açılışı olan “Qobu Park-2” yaşayış kompleksində isə 1300 ailə mənzillə təmin olunub. R.Rzayev deyib ki, tikinti işləri özəl şirkət tərəfindən aparılıb. “Əgər Dövlət Komitəsinin tikdiyi yaşayış kompleksində mənzillər yalnız mətbəx avadanlıqları ilə təmin olunurdusa, özəl şirkətin inşa etdiyi binalarda mənzillər mətbəx mebeli ilə təmin olunub, ev sahiblərinə soyuducu hədiyyə edilib”-deyən, R.Rzayevin sözlərinə görə, mənzillərin verilməsi üçün bu gün püşk atma aparılır. Mənzillər ailə tərkiblərinin sayına görə veriləcək. Mənzillərin verilməsi prosesi başa çatdıqdan sonra hər bir şəxslə müqavilə bağlanacaq.

Bildirilib ki, bundan başqa bu ilin sonuna qədər  3700-dən çox ailəyə mənzil veriləcək. Bununla yanaşı yaxın günlərdə Şirvan şəhərində 685 ailəlik qəsəbəmiz təhvil  veriləcək, Beyləqanda 146 fərdi ev tikilib təhvil verilib. Göyçayda 1 bina tikilir, Göygöldə, Ucarda  bir qəsəbəmiz tikilir. Kürdəmirdə isə 560 ailədən yuxarı ailə üçün qəsəbə yaxın günlərdə təhvil  veriləcək.

Onun sözlərinə görə, mənzilərin paylanması üçün komissiya fəaliyyət göstərir. Komitə sədri qeyd edib ki, evlər ilkin olaraq ağır şəraitdə yaşayan məcburi köçkünlərə verilir. O bildirib ki, bununla bağlı ölkə başçısının tapşırığına əsasən işlər görülür: “Komitədə bununla bağlı komissiya yaradılıb. Biz köçürülmə zamanı daha çox yataqxanalarda, pansionatlarda, məktəblərdə, bağçalarda, zirzəmilərdə qalanlara üstünlük veririk. Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığına əsasən, zirzəmilərdə yaşayan 300-ə yaxın ailə mənzillərlə təmin olunub. Amma çox təəssüf ki, yenə də bu kateqoriyadan olan ailələr var. 24 min ailə ağır şəraitdə yaşayırlar. Yeni mənzillərin və qəsəbələrin tikilməsinə görə, torpaqların ayrılması üçün müarciətlər olunub”.

Dövlət Komitəsinin sədri diqqətə çatdırıb ki, bu günə qədər 300 min nəfərdən çox məcburi köçkün mənzillə təmin olunub.

Bundan başqa R.Rzayev əlavə edib ki, məcburi köçkünlər üçün Səhiyyə Nazirliyi ilə birlikdə tibbi muayinələr keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə əmək yarmarkaları təşkil edilib.

Daha sonra R.Rzayev jurnalistlərin suallarını cavablandırıb. “Milli şura”nın oktyabrın 8-də keçirdiyi piket zamanı özünü məcburi köçkün kimi təqdim edən bir iştirakçının 25 ildir yataqxanada ağır şəraitdə yaşaması haqda dediklərinə münasibət bildirən R.Rzayev deyib ki, piketdə evsiz olduğu ilə bağlı videomüsahibə verən məcburi köçkünün yalan danışdığı məlum olub. O bildirib ki, bununla bağlı Komitədə araşdırma aparılıb: “Ona və ailə üzvlərinə ev verilib. Müxalifət öz siyasi məqsədləri üçün bu insanlardan istifadə etməməlidir. Torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğal olunması və bunun nəticəsində də bir milyon insanın məcburi köçkün vəziyyətinə düşməsinin səbəbkarı indiki müxalifətin hakimiyyətdə olduğu dövrdəki səriştəsiz fəaliyyətinin nəticəsidir".

Komitə sədri deyib ki, Bakıda ailə sayına görə ən çox məcburi köçkün Binəqədidə yaşayır: “Bərdə rayonunda torpaq sahəsinin ayrılması ilə bağlı proses gedir. Ancaq mən deyə bilmərəm ki, orda binalar tikməyə nə zaman başlayacağıq. Hazırda Lənkəranda 45 ailəlik bina tikilir. Füzuli rayonunda işğaldan azad olunmuş kənddə fərdi evlər tikilir. Hazırda Cocuq Mərcanlıda hər 150 evə bir əlavə tikili inşa olunur”.

R.Rzayev həmçinin qeyd edib  ki, məcburi köçkünlərin məskunlaşdığı yataqxanalarda baş verən yanğınlarla bağlı araşdırmalar aparılır. Onun sözlərinə görə, bu hadisələr hansısa ehtiyatsızlıqdan baş verir: "Yataqxanalarda naqillər çox həssas olduğu üçün belə hallar baş verir. Məcburi köçkünlər ehtiyatlı davranmalıdırlar". O həmçinin qeyd edib ki, yataqxanalarda baş verən yanğınlarla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılıb.

R. Rzayev bildirib ki, Bakı şəhərində yataqxanalardakı elektrik naqillərinin vəziyyəti öyrənilib. Onun sözlərinə görə, bununla bağlı komissiya yaradılıb. Komissiya Bakı şəhərindəki bütün yataqxanaların elektrik naqillərinin vəziyyətini araşdırıb: “Onların təmiri ilə bağlı lazım olan vəsait aydınlaşdırılıb və komissiyanın rəyi hazırda Nazirlər Kabinetinə təqdim olunub".