YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dağlıq Qarabağın azərbaycanlı icması Şuşadakı məscidin ermənilər tərəfindən “təmir-bərpası”nı pisləyən bəyanat yayıb

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Şuşadakı Yuxarı Gövhər ağa məscidinin ermənilər tərəfindən “təmir-bərpası” ilə bağlı bəyanat yayıb.

Bəyanatda işğal olunmuş Azərbaycan torpaqlarında xalqımıza məxsus mədəni, tarixi və dini irsi məhv edən Ermənistanın Şuşada Yuxarı Gövhər ağa məscidinin “təmir-bərpa”sından sonra təxribat xarakterli “açılışı”na hazırlaşdığı bildirilir. Qeyd edilir ki, bu, işğalçı Ermənistanın və onun əlaltısı olan cinayətkar rejimin işğal olunmuş ərazilərimizdə həyata keçirdiyi qeyri-qanuni fəaliyyətin daha bir bariz nümunəsidir.

Bəyanatda deyilir: “Məlum olduğu kimi, Qarabağ xanı İbrahim xanın qızı Gövhər Ağanın (Gövhərnisə bəyim) adını daşıyan Yuxarı Gövhər ağa məscidi Gövhərnisənin maddi dəstəyi ilə qoşa minarəli formada atası İbrahim xanın yararsız hala düşmüş məscidinin yerində şuşalı memar Səfixan Qarabaği tərəfindən 1883-cü ildə inşa edilib.

Məscidin “təmir”dən sonra “açılış”ı Ermənistanın beynəlxalq ictimaiyyəti aldatmaq üçün planlaşdırdığı növbəti ucuz bir şoudur. Ermənistan bununla dünyada özünü tarixi abidələrə “qayğı” ilə yanaşan bir ölkə imicində təqdim etməyə çalışır. Ermənistan həqiqətən tarixi abidələrə bu qədər hörmətlə yanaşırsa, onların bərpasında maraqlıdırsa, onda nəyə görə xalqımıza məxsus yüzlərlə mədəni, tarixi dini abidələri məhv edir? Şuşada vaxtilə mövcud olmuş digər məscidlərin, kilsələrin və digər abidələrin izləri nəyə görə erməni vandalları tərəfindən yer üzündən silinməkdədir? Şuşanın əzəli yerli sakinləri olan azərbaycanlılar oradan qovulduqları halda, Yuxarı Gövhər ağa məscidindən kimlər istifadə edəcək?

Bizi ağrıdan həm də odur ki, erməni qəsbkarları xalqımızın bu memarlıq incisinin arxitekturasını dəyişərək, məscidi “fars məscidi” kimi qələmə verməyə çalışırlar. Bu, bir daha Ermənistanın işğal olunmuş ərazilərdə azərbaycanlılara məxsus mədəni irsin oğurlanması, izinin itirilməsi və silinməsi ilə məşğul olduğunu göstərir. Yuxarı Gövhər ağa məscidini “fars məscidi” elan etməklə Ermənistan tarixi saxtalaşdırır, onu yenidən yazmağa çalışır. Bu, həm də bir daha Ermənistanın saxta tolerant ölkə olduğunu göstərir.

Mətbuatda yer alan məlumata görə, Yuxarı Gövhər ağa məscidinin “təmir-bərpa” işləri İranın “Part Saman Cahan” şirkəti tərəfindən aparılır. Bu, biz məcburi köçkünləri məyus edir. Biz bunu Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasına və ümumən Azərbaycan xalqına qarşı sayğısızlıq kimi dəyərləndiririk. Biz, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyan edirik ki, öz yurdumuza qayıtdıqdan sonra görəcəyimiz ən birinci iş məhz mədəni, tarixi və dini abidələrimizi bərpa etmək olacaq. Həmin günün uzaqda olmadığına əminik.

Münaqişənin yeganə həlli yolu Ermənistanın işğalçı qoşunlarının torpaqlarımızdan çıxarılması, oradan qovulmuş azərbaycanlıların geri qayıtması, ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hər iki icmasının birlikdə sülh şəraitində yaşaması ilə mümkündür.