YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Qasımlı: Bakının erməni işğalından azad edilməsi, əhəmiyyətinə görə Xalq Cümhuriyyətinin elan edilməsindən sonra ikinci böyük tarixi hadisə oldu

“1918-ci il sentyabrın 15-də Bakının erməni işğalından azad edilməsi, əhəmiyyətinə görə Xalq Cümhuriyyətinin elan edilməsindən sonra ikinci böyük tarixi hadisə oldu”. bu fikri Milli Məclisin deputatı, tarix elmləri doktoru Musa Qasımlı deyib.

M.Qasımlı bildirib ki, şəhərin azad edilməsi ilə Azərbaycan və türk silah qardaşlığı sayəsində Azərbaycan təbii, tarixi paytaxtına, milli, mənəvi, elm və mədəniyyət mərkəzinə qovuşdu. Bu bir qardaşlıq yardımı idi. Şəhərin azad edilməsi ilə “başla bədən birləşdi”. Azərbaycanlıların milli ruhu yüksəldi. Onlar çarizm tərəfindən işğal edildikdən sonrakı bütün dövrdə ilk dəfə olaraq Bakı küçələrində başlarını dik tutaraq, özlərinə güvənərək gəzməyə başladılar.

“Sovet dövründə ağır şərtlər altında yaşamasına, SSRİ-də türk düşmənçiliyinin, 30-cu illərin sonlarından 50-ci illərin ortalarınadək sovet-türk münasibətlərində gərginliyin olmasına baxmayaraq, Azərbaycan xalqı türk əsgərlərinin məzarlarını qoruyub saxladı, dağılmağa qoymadı, ətraflarına çiçəklər, ağaclar əkdi, onları ziyarətgaha çevirdi. Nəhayət, ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində bu qardaşlıq abidəyə çevrildi. 1918-ci ilin mart soyqırımı qurbanlarının, 1990-cı il 20 Yanvar faciəsində, Ermənistanın təcavüzünə qarşı ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan müharibədə həlak olan qəhrəman Vətən övladlarının dəfn olunduğu və bir azərbaycanlı üçün müqəddəs olan Şəhidlər xiyabanında Qafqaz İslam Ordusuna möhtəşəm abidə ucaldıldı. Bu, insanların təkcə ziyarət edərək əklil qoyduqları bir abidə deyil, qanı bir-birinə qarışmış Azərbaycan və Türkiyə xalqlarının qardaşlığının və əbədi birliyinin rəmzidir”-deyə, M.Qasımlı vurğulayıb.