YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bahar Muradova: Azərbaycan modeli ATƏT regionunda seçilən modeldir

"Azərbaycan ATƏT-lə əməkdaşlığı müddətində bu təşkilatın dəyərlərinin bütün regionda, o cümlədən Azərbaycanda bərqərar olması istiqamətində çox ciddi addımlar atmışdır və ATƏT-dən və ona üzv olan ölkələrdən eyni şəkildə Azərbaycanın müstəqilliyi problemləri ilə bağlı vahid mövqe gözləməkdə haqlıdır". Trend xəbər verir ki, bunu Milli Məclisin sədr müavini, ATƏT-n Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova Bakıda "Dini tolerantlığın möhkəmləndirilməsi, Azərbaycan modeli, ATƏT regionu və onun hüdudlarından kənarda çağırışlar" mövzusunda keçirilən beynəlxalq konfransda bildirib.

Onun sözlərinə görə, tolerantlıq və dini dözümlülüyün Azərbaycan modeli haqqında danışanda xüsusi vurğulamaq lazımdır ki, Azərbaycanda dini və etnik tolerantlığın bir neçə aspektdə əsasları mövcuddur. Onlardan biri tarixi aspektdir: "Azərbaycanın bir neçə minilliyə söykənən tarixinə nəzər saldıqda görəcəyik ki, bu ərazidə yaşayan insanlar etnik və dini kimliyindən asılı olmayaraq, bir-biri ilə qarşılıqlı anlaşma şəraitində yaşayıblar. Kənardan bizə yeridilən bir sıra münaqişələr, etnik və dini münaqişələr, ərazi iddiaları, təcavüz aktları bizi bir-birimizə qarşı qisas hissi ilə yaşamağa vadar etməyib, əksinə bu durumdan çıxmağın birgə yollarını axtarmağa çalışmışıq".

B.Muradova əlavə edib ki, Azərbaycanda bütün bunları hüquqi aspektdən əks etdirən mükəmməl qanunvericilik bazası və siyasi iradə mövcuddur: "Biz fəxr edirik ki, Azərbaycanın milli, dini, tarixi ənənələrini özündə əks etdirən dövlət sistemimiz var, hüquqi qanunverici bazamız və ən əsası ATƏT regionunda daim nümayiş etdirdiyimiz müstəqil siyasi iradəmiz vardır. Bütün xalqlar, etnik qruplar, dini icmalar harada yaşamasından asılı olmayaraq, sülh və təhlüksəzlik şəraitində yaşamalıdır. Azərbaycan modeli də məhz budur. Azərbaycan modeli ATƏT regionunda seçilən modeldir".