YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə DSX-nin şəxsi heyətini təbrik edib

Avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə Dövlət Sərhəd Xidmətinin şəxsi heyətini təbrik edib.

1919-cu il avqustun 18-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən qəbul olunmuş qanunla ilk sərhəd mühafizə orqanlarının yaradılması ilə Azərbaycan Sərhəd Mühafizəsinin əsasının qoyulduğunun vurğulandığı məktubda qeyd olunub: “Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra müstəqilliyin əsas atributlarından olan dövlət sərhədlərinin qorunması, eyni zamanda, Ermənistanın təcavüzü nəticəsində pozulmuş sərhədlərimizin bərpası dövlətimiz qarşısında duran ən vacib vəzifəyə çevrilmişdir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkəmizin dövlət sərhədlərinin mühafizəsinə xüsusi önəm vermiş və 2002-ci il iyulun 31-də Dövlət Sərhəd Xidmətini yaratmaqla Azərbaycan Sərhəd Mühafizəsinin gələcək inkişaf yolunu müəyyən etmişdir.

Ümummilli lider Heydər Əliyevin sərhədlərin mühafizəsi məsələlərinə göstərdiyi xüsusi diqqət bu gün də davam etdirilir. Son illər ərzində Dövlət Sərhəd Xidmətinin idarəetmə sistemi təkmilləşdirilmiş, müasir radiorabitə və telekommunikasiya sistemlərinin tətbiqi genişləndirilmiş, dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd nəzarətinin təşkili beynəlxalq standartlar səviyyəsinə qaldırılmışdır. Sərhəd Qoşunlarının döyüş hazırlığı və maddi-texniki təchizatı əhəmiyyətli dərəcədə gücləndirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il iyunun 12-də imzaladığı Sərəncamla Dövlət Sərhəd Xidmətinin Akademiyasının yaradılması bu sahədə peşəkar, Vətəninə və dövlətinə sadiq kadrların hazırlanması işinə böyük töhfə vermişdir.

Hazırda Dövlət Sərhəd Xidməti çevik, mütəşəkkil, yüksək intizama və döyüş hazırlığına malik, ən müasir silah və texniki vasitələrlə təchiz edilmiş, sərhədlərin toxunulmazlığının təmin edilməsi sahəsində üzərinə qoyulan vəzifələri icra etməyə qadir mühüm dövlət təsisatıdır.

Sərhəd mühafizə orqanları əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi və xidmətlərinə görə mükafatlandırılması məsələləri daim dövlətimizin diqqət mərkəzindədir”.

Dövlətimizin başçısı təbrik məktubunda əmin olduğunu bildirib ki, sərhəd mühafizə orqanlarının şəxsi heyəti dövlət sərhədlərimizin qorunması sahəsində mühüm vəzifələrini gələcəkdə də şərəflə yerinə yetirəcək.