YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Polad Bülbüloğlu: Azərbaycan öz ərazi bütövlüyünü qoruyur

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş vermiş və Ermənistan silahlı qüvvələrinə məxsus hərbi helikopterin vurulması ilə başa çatmış münaqişə ilə əlaqədar Rusiyanın “Kommersant FM” radiosunun aparıcısı Anna Kazakovanın suallarına cavab verib.
P.Bülbüloğlu radiostansiyanın efirində Dağlıq Qarabağın Moskvadakı nümayəndəsinin çıxışı ilə bağlı etirazını bildirib. Diplomat deyib: “Mən rəsmi şəkildə sizə bildirmək istəyirəm ki, Rusiya Xarici İşlər Nazirliyinin sənədlərinə əsasən Moskvada “Dağlıq Qarabağ Respublikası” deyilən bir qurumun heç bir nümayəndəliyi yoxdur. Buna görə də belə hörmətli radiostansiyanın mövcud olmayan bir təşkilatın nümayəndəsini efirə çıxarması bizdə təəccüb doğurur. Rusiya Federasiyası Minsk qrupunun həmsədri kimi Azərbaycanın ərazi bütövlüyünü tanıyır, deməli, Dağlıq Qarabağ Azərbaycanın hazırda Ermənistan qoşunları tərəfindən işğal edilmiş ərazisidir. Məhz bu müddəadan çıxış etmək lazımdır”.
Azərbaycan səfiri qeyd edib ki, Azərbaycan öz ərazi bütövlüyünü müdafiə edir və bütün mümkün vasitələrlə, o cümlədən hərbi vasitələrlə onu qoruyacaqdır. P.Bülbüloğlu deyib: “Azərbaycan bunu dəfələrlə bəyan edib, bu, heç kəsə sirr deyil. Mən Sizdən xahiş etmək istərdim ki, gələcəkdə redaksiyanın siyasətini hər halda dövlət siyasəti ilə tutuşdurasınız, çünki Minsk qrupunun həmsədr ölkəsi kimi Rusiyanın dövlət siyasəti Dağlıq Qarabağın tanınmamasıdır. Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin məndə olan rəsmi notasında yazılıb ki, Rusiya Federasiyası Dağlıq Qarabağı tanımır və Rusiya ərazisində Dağlıq Qarabağın heç bir nümayəndəliyi yoxdur. Bunu bir daha nəzərinizə çatdırırıq. Helikopterə gəldikdə isə, Azərbaycan ərazisi üzərində təlimlər keçirmək lazım deyil. Bura Azərbaycan ərazisidir və bu, bütün gələcək hüquqi hərəkətlər üçün çıxış nöqtəsidir. Bizim hərbi cəhətdən kifayət qədər savadlı silahlı qüvvələrimiz var və biz öz ərazi bütövlüyümüzü qoruyacaq, işğalçı qoşunlar Azərbaycan ərazisini tərk etməyincə, təcavüzə qarşı hər vasitə ilə mübarizə aparacağıq”.
Səfir münaqişənin nəticələri barədə sualı cavablandıraraq qeyd edib ki, Azərbaycan heç bir təhdiddən qorxmur. Diplomat deyib: “Qoy Ermənistan bu gün öz vəziyyətini düşünsün. Zənnimcə, onun indiki vəziyyətində olan kiməsə hədə-qorxu gəlməz. Biz ərazimizi təmizləmə siyasətimizi davam etdirəcəyik”. Səfirin sözlərinə görə, Azərbaycan Xarici İşlər Nazirliyinin müvafiq bəyanatında bildirilir ki, əslində başqa bir dövlət Azərbaycan ərazisində hərbi təlimlər keçirir. Səfir deyib: “Necə bilirsiniz? Təsəvvür edin ki, hansısa bir helikopter Rusiya Federasiyasının sərhədini keçir. Rusiya Federasiyasının qoşunları və sərhəd xidmətləri necə hərəkət edər? Sovet dövründə Koreyanın “Boinq” təyyarəsi ilə bağlı əhvalatı xatırlayaq. Hər bir dövlət öz sərhədlərini qoruyur. Bu, təbiidir. Axı bu, sərnişin helikopteri deyil, hərbi helikopterdir. Nə üçün hərbi helikopter orada uçmalıdır?”
Azərbaycan səfiri helikopterin vurulması məsələsi ilə əlaqədar ATƏT-in narahatlığı barədə suala cavab verərək deyib: “Qoy ATƏT Azərbaycanda bir milyon qaçqının olmasından daha çox narahat olsun. ATƏT-i hər şeydən əvvəl bu narahat etməlidir. Onların hüquqları tamamilə pozulub. Təqribən 200 min azərbaycanlı Ermənistan ərazisindən deportasiya olunub. Qoy ATƏT bununla məşğul olsun. Qoy narahat olsun ki, Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılması barədə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi və BMT Baş Məclisinin bir qətnaməsi var. Qoy ATƏT bundan narahat olsun. Bu, daha düzgün olar”.