YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Süleymanov: Milli iqtisadiyyatımızda özəl bölmənin xüsusi çəkisinin artırılması prioritet məsələdir

“Yeni iqtisadi şəraitdə Azərbaycan milli iqtisadiyyatda ağırlıq mərkəzinin tədricən neftdənkənar sektora ötürülməsini təmin etməyi, o cümlədən də özəl bölmədə istehsal imkanlarını artırmağı hədəfləyib”. Bu fikri Milli Məclisin deputatı Tahir Süleymanov deyib.

T.Süleymanov bildirib ki, respublikamız bu sahədə də praqmatik yanaşma ortaya qoyur. Belə ki, ölkəmizdə liberal iqtisadiyyatın inkişafı ciddi şəkildə təşviq edilir,  dövlət bu sahəyə həm güclü siyasi dəstək göstərir, qanunvericilik bazası qabaqcıl dünya təcrübəsi nəzərə alınmaqla təkmilləşdirilir, həm də özəl sektorun maliyyə təminatı möhkəmləndirilir, bütün ölkə üzrə sahibkarların iqtisadi proseslərə daha aktiv şəkildə qoşulmalarına hesablanan layihələr reallaşdırılır. Başqa sözlə desək, milli iqtisadiyyatımızda özəl bölmənin xüsusi çəkisinin artırılması prioritet məsələdir və bu məqsədlə praktiki müstəvidə münbit zəmin yaradılması davamlı olaraq diqqət mərkəzində saxlanılır.

“Son illərdə Prezident İlham Əliyevin siyasi iradəsi ilə həyata keçirilən davamlı tədbirlər sayəsində respublikamızda çox gözəl biznes mühitinin formalaşması məmnunluq doğurur. Azərbaycanda özəl sektorda fəallığın artmasını şərtləndirən bir sıra mühüm amillər sadalamaq mümkündür ki, onların sırasında bütün ölkə boyunca yaradılan yüksək səviyyəli infrastrukturun önəmini xüsusi vurğulamaq lazımdır. Son 16 ildə müstəqil Azərbaycanın həyatı digər müsbət reallıqlarla yanaşı, həm də müasir infrastruktur quruculuğu ilə səciyyələnib. Qürur hissi ilə deyə bilərik ki, bu gün respublikamız infrastruktur təminatı baxımından dünyanın qabaqcıl ölkələri sırasında yer alır. Dövlət əsaslı vəsait qoyuluşu hesabına yaradılan müxtəlif təyinatlı infrastruktur obyektləri bundan sonra onilliklər boyu Azərbaycan xalqına və dövlətinə xidmət göstərəcək. Əlamətdar haldır ki, respublikamızda infrastruktur quruculuğu Prezident İlham Əliyevin siyasi iradəsi əsasında davamlı səciyyə daşıyır. Belə ki, bu sahəyə yönəldilən dövlət əsaslı vəsait qoyuluşu ilbəil artır ki, bunun da sayəsində hər il ölkə miqyasında yeni infrastruktur layihələrinin uğurlu icrası təmin olunur”-deyə, deputat qeyd edib.