YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın Xarici İşlər naziri UNESKO-nun Baş direktoru ilə görüşüb

Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov iyunun 30-da UNESKO-nun Bakıda keçirilən Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirakı çərçivəsində təşkilatın Baş direktoru xanım Odre Azule ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Baş direktor Ümumdünya İrs Komitəsinin iclasının UNESKO-nun ən böyük tədbirlərindən olduğunu qeyd edərək, bu tədbirə bütün dünyadan nümayəndələrin qatıldığını söyləyib. O, komitənin 43-cü sessiyasına ev sahibliyi etdiyi üçün Azərbaycan tərəfinə minnətdarlığını ifadə edib.

Tərəflər UNESKO ilə Azərbaycan arasında elm, təhsil, mədəniyyət, kommunikasiya, gender bərabərliyi və digər sahələr üzrə mövcud olan fəal və səmərəli əməkdaşlıq əlaqələri ətrafında fikir mübadiləsi aparıblar.

Azərbaycan-UNESKO münasibətlərinin inkişaf etdirilməsində və UNESKO dəyərlərinin dünyada təşviq edilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti xüsusi vurğulanıb.

Xanım Odre Azule UNESKO-nun sadiq və fəal üzvü qismində çıxış etdiyi üçün Azərbaycana təşəkkürünü bildirib və təşkilatın islahatlarının həyata keçirilməsi baxımından məhz öhdəliklərinə sadiq üzv ölkələrə ehtiyac duyulduğunu vurğulayıb.

Elmar Məmmədyarov UNESKO ilə əməkdaşlığın Azərbaycan üçün əhəmiyyət kəsb etdiyini və bu xeyirxah təşkilatla əlaqələrimizin daha da inkişaf etdirilməsində maraqlı olduğumuzu bildirib. Nazir Azərbaycanın zəngin irs nümunələrinin UNESKO siyahılarına daxil edilməsində maraqlı olduğunu qeyd edib. O, mədəni irsin qorunması mövzusuna həssas yanaşdığımızı bildirib və ölkəmizin Ermənistan tərəfindən işğal olunmuş ərazilərində mədəni, tarixi və dini irsimizi Ermənistan silahlı qüvvələrinin məqsədyönlü şəkildə dağıtdığını diqqətə çatdırıb.

Görüşdə dünya irsinin qorunması sahəsində UNESKO tərəfindən həyata keçirilən mühüm layihələr üzrə fikir mübadiləsi aparılıb.