YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar İbrahimov: Ölkəmizdə qeyri-neft sektorunun mühüm bölməsi olan sənayenin inkişafına xüsusi əhəmiyyət verilir

«Hazırda Azərbaycan dünyanın sürətli inkişaf tempinə malik olan ölkələrdən biridir. Bu isə ölkəmizdə həyata keçirilən islahatlar nəticəsində iqtisadiyyatın diversifikasiyasına nail olmaq, qeyri-neft sektorunu inkişaf etdirməklə mümkün olub.  Azərbaycan iqtisadiyyatı mənfi xarici təsirlər qarşısında dayanıqlılıq nümayiş etdirib və nəticədə yüksək iqtisadi artım və sosial rifah əldə olunub». Bu fikirləri yap.org.az saytına Yeni Azərbaycan Partiyasının İqtisadi məsələlər komissiyasının sədri Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyin artırılması və bu sahəyə investisiya qoyuluşunun sürətləndirilməsi Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətlərindəndir. Onun sözlərinə görə, bu siyasətə uyğun olaraq, ölkəmizdə qeyri-neft sektorunun mühüm bölməsi olan sənayenin inkişafına xüsusi əhəmiyyət verilir.

«Zəngin yerli xammal, nəhəng və çoxşəbəkəli sənaye kompleksinin imkanlarının səfərbər edilməsi sənaye sektorunun inkişafının daha böyük vüsət almasını stimulaşdırır. Yeri gəlmişkən, növbəti illərdə aqrar sənayenin inkişaf etdirilməsi məqsədilə yerli xammala əsaslanan kənd təsərrüfatı məhsullarının emalının artırılması ölkə əhalisinin qida sənayesi məhsullarına olan tələbatını ödəməklə yanaşı, ixrac potensialının artırılmasına şərait yaradacaq. Bütövlükdə isə kənd təsərrüfatının inkişafı da hökumətin diqqət mərkəzindədir. Ümumiyyətlə, Azərbaycanda iqtisadiyyatın qeyri-neft sektorunda böyük çəkiyə malik olan kənd təsərrüfatı da sürətlə inkişaf edir. Ölkənin artan inkişaf göstəriciləri arasında kənd təsərrüfatının xüsusi çəkisinin olması təsadüfi deyil. Dövlət əhalinin ərzağa olan daxili tələbatını əsasən öz potensialı və imkanları hesabına ödəyə bilməsi üçün regionlarda infrastruktur sahələrinin yaradılması və kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm islahatlar reallaşdırıb və bu proses davam edir»- deyə, komissiya sədri vurğulayıb.