YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında parlamentlərarası əlaqələrin böyük rolu var

İyunun 11-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisi Sədrinin müavini Sürəyya Sədi Bilgicin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Oqtay Əsədov bu səfərin parlamentlərarası əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəyini bildirib. Vurğulayıb ki, dövlət başçılarımız arasındakı dostluq və qardaşlıq münasibətləri həyatın digər sahələrinə də müsbət təsirini göstərir.

Sədr bildirib ki, Azərbaycan-Türkiyə münasibətləri strateji xarakter daşıyır. Heç də təsadüfi deyil ki, Türkiyənin yüksək vəzifəyə seçilmiş rəsmi nümayəndələri həmişə ilk səfərlərini Azərbaycana edirlər. Qarşılıqlı xarakter daşıyan bu səfərlər artıq ənənə halı alıb. Hər iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olması ölkələrimiz arasında ticarət dövriyyəsinin artımında da özünü göstərir. 2017-ci ildə bu sahə üzrə göstərici 2,7 milyard ABŞ dolları həcmində olubsa, ötən il bu rəqəm 3,5 milyardı keçib. 2018-ci ildə Türkiyədə TANAP kimi qlobal neft layihəsinin rəsmi açılış mərasimi keçirilib, həmin ilin oktyabrında isə “Star” neft emalı zavodu işə başlayıb. Artıq fəaliyyətə başlamış Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin icrası nəticəsində bütün türk dünyası yeni dəmir ipək yolu ilə birləşəcək. Azərbaycan gələcəkdə Türkiyəyə investisiya yatırımlarını artırmaq niyyətindədir.

Qeyd olunub ki, ikitərəfli münasibətlərimizin inkişafında parlamentlərarası əlaqələrin rolu çox əhəmiyyətlidir. Hər iki ölkənin parlamentlərində dostluq qruplarının fəaliyyət göstərməsi təqdirəlayiqdir. Nümayəndə heyətlərimiz nüfuzlu beynəlxalq qurumlar çərçivəsində faydalı əməkdaşlıq edirlər.

Türkiyə Böyük Millət Məclisi Sədrinin müavini Sürəyya Sədi Bilgic ölkəmizə ilk dəfə səfər etdiyini və Bakıda keçiriləcək “Regional təhlükəsizlik və əməkdaşlıq üzrə parlament konfransı”nda iştirak edəcəklərini söyləyib. Qeyd edilib ki, konfransda müzakirə olunacaq məsələlər tərəflər üçün strateji əhəmiyyət kəsb edir. Regional təhlükəsizlik, qarşılıqlı dialoq, nəqliyyat və enerji sahələrində əməkdaşlığın genişləndirilməsi kimi mövzular bu gün kifayət qədər aktualdır.

Qonaq Azərbaycanla Türkiyənin reallaşdırdıqları neft və qaz kəmərləri layihəsinin, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin region üçün əhəmiyyətini vurğulayıb. Bu layihələrin böyük siyasi və iqtisadi məna kəsb etdiyini söyləyib.

Görüşdə Dağlıq Qarabağ problemindən söz açan qonaq problemin Azərbaycanın ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsipləri əsasında, beynəlxalq hüquq müstəvisində ədalətli həlli üçün Türkiyənin hər cür dəstək göstərməyə hazır olduğunu bir daha qeyd edib.

Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Əhliman Əmiraslanov, qrupun üzvü, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev və digər rəsmi şəxslər iştirak ediblər.