YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: Sənayenin inkişafına dair proqramların icrası nəticəsində regionlarda sənayeləşmə prosesi geniş vüsət alıb

“Sənayenin inkişafına dair proqramların icrası nəticəsində ölkəmizin regionlarında sənayeləşmə prosesi geniş vüsət alıb”. Bu fikri Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Tahir Rzayev bildirib ki, regionlarda sənaye məhəllələri tikilir. Onun sözlərinə görə, hər bir sənaye məhəlləsi 10-dan çox müəssisəni özündə birləşdirməklə, yeni iş yerlərinin açılmasına öz töhfəsini verir.

“Neftçalada, Masallıda belə sənaye məhəllələri artıq fəaliyyətdədir. Sənaye məhəllələrinin yaradılması ölkəmiz üçün yeni sahə olan avtomobil sənayesinin inkişafına da təkan verib. Mingəçevirdə açılışı olmuş yüngül sənaye parkında isə 2 rezident fəaliyyətə başlayıb və burada 5 rezidentin fəaliyyət göstərəcəyi planlaşdırılır. Bu isə parkda 5000 yeni iş yerinin açılmasına gətirib çıxaracaq. Gəncədə alüminium və ağır sənaye müəssisələri fəaliyyət göstərir ki, bu da ölkəmizin ixrac qabiliyyətinin artmasına öz töhfəsini verir. Xalçaçılığın inkişaf etdirilməsi sahəsində də böyük layihələr həyata keçirilir, regionlarda xalça və yun emalı müəssisələri açılır. Bir sözlə, Azərbaycanın tarixini özündə yaşadan qədim xalça sənətinə yeni nəfəs verilir”, - deyə deputat vurğulayıb.

Millət vəkili deyib ki, 2019-2023-cü illəri əhatə edən dördüncü Dövlət proqramının icrası nəticəsində regionlar müasir dövrün çağırışlarına uyğun inkişaf edəcək, iqtisadiyyatın qeyri-neft sektorunda bölgələrin payı artacaq və regionlarda ixtisaslaşmış müəssisələr istifadəyə verilməklə ölkəmizin ixrac potensialı yüksələcək. Eyni zamanda, regionlarda işsizlik problemi əsaslı şəkildə həll olunacaq və əhalinin sosial rifahı daha da yaxşılaşacaq.