YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməsi beynəlxalq hüquqa ziddir

“Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisinə səfər etməsi, Xankəndində və Şuşada olması beynəlxalq hüquq normalarının kobud surətdə pozulmasıdır. Bu, eyni zamanda mövcud danışıqlar prosesinin prinsiplərinə də ziddir”. Bu fikirləri Milli Məclisin deputatı Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, hazırda Ermənistanda sosial-iqtisadi vəziyyət çox ağırdır. Onun sözlərinə görə, indiki hakimiyyətlə keçmiş rəhbərlik arasında çəkişmələr davam edir: “Paşinyan siyasi opponentlərinin çoxunu həbsə atdırıb. Ermənistanın indiki bu acınacaqlı vəziyyətinə baxmayaraq, müxalifət hakimiyyətlə ümummilli məsələlərdə, xüsusi ilə Qarabağ məsələsində bir olduğunu dünyaya nümayiş etdirir. Onlar Qarabağın rəmzi sayılan Şuşanın işğal gününü şənlik tədbirləri ilə qeyd etdilər. Ermənilərin işğal etdikləri torpaqlar qədim Azərbaycan torpaqlarıdır. Hazırda erməni əsirliyində olan yüzlərlə Azərbaycan övladını necə yaddan çıxarmaq olar? Bu hadisələri kənardan sadəcə olaraq seyr etmək olmaz. Hər kəs öz sahəsində bu münaqişənin tezliklə həll edilməsinə öz töhfəsini verməlidir”.

R. Əliyev qeyd edib ki, Azərbaycan hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş siyasət nəticəsində dünyada ən sürətlə inkişaf edən ölkələrdən birinə çevrilib: “Azərbaycanın beynəlxalq nüfuzu durmadan artır. İndiki zamanda cənab Prezidentin ətrafında daha sıx birləşərək Azərbaycanın qarşısında duran yeganə problem  olan Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsinə nail olmaq, torpaqlarımızı işğaldan azad etmək lazımdır. Bu vəzifə dünyada yaşayan hər bir azərbaycanlının müqəddəs vəzifəsidir”.