YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Moskvada “Mədəniyyətlərin dialoqu və müasir dövrün çağırışları” kitabının təqdimatı keçirilib

Moskvada Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin dəstəyi ilə nəşr edilmiş “Mədəniyyətlərin dialoqu və müasir dövrün çağırışları” kitabının təqdimatı keçirilib.

Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin humanitar proqramlar şöbəsinin rəhbəri Tamilla Əhmədova bildirib ki, kitab Azərbaycan və Rusiya filosoflarının görkəmli siyasi xadim, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edilmiş birgə konfranslarının materialları əsasında hazırlanıb.

Kitabda mədəniyyətlərin dialoqu, müasir cəmiyyətin davamlı inkişaf dövrünə keçməsi məsələləri tarixi proses kontekstində nəzərdən keçirilir. Dəyişikliklər dövründə şəxsiyyətin rolu, qlobal təfəkkürün formalaşması, multikulturalizmin siyasi və hüquqi aspektlərinə xüsusi diqqət yetirilib. Tamilla Əhmədova vurğulayıb: “Birinci forum Azərbaycan və Rusiya alimlərinin iştirakı ilə təşkil edilib, sonrakı illərdə isə konfransın miqyası genişlənərək beynəlxalq format kəsb edib. Bu konfranslarda dünyanın bir sıra ölkələrindən, o cümlədən Qazaxıstan, Belarus, Hindistan, Özbəkistan və Ukraynadan olan filosoflar iştirak ediblər”.

Kitab Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın giriş sözü ilə açılır. Giriş sözündə qeyd edilir ki, Əliyev mütaliələri formatında keçirilən Azərbaycan və Rusiya filosoflarının konfranslarında mədəniyyətlərarası qarşılıqlı fəaliyyətin və mədəniyyətlərin dialoqunun müxtəlif səpkiləri müzakirə olunur. Leyla Əliyeva yazır: “Qloballaşma dövründə mədəniyyətlərin dialoqu fövqəladə əhəmiyyət kəsb edir, məhz mədəniyyətlərarası dialoq dünya birliyinin uğurlu inkişafının əsasıdır. Dialoq iqtisadiyyatda da lazımdır, beynəlxalq münasibətlərdə də, insanlar arasında ünsiyyətdə də. Bizim bütün həyatımız məhz bu cür qarşılıqlı münasibətlərdən ibarətdir. Fəlsəfə özü də dialoqdan başlanır və öz növbəsində incəsənətin, etiqadın, elmin, bütövlükdə mədəniyyətin inkişafına təsir göstərir. Son illərdə dinlərin dialoqu fəlsəfənin mövzusuna çevrilir. Bu, müxtəlif konsessiyaların əməkdaşlığına xüsusi diqqət yetirilən Azərbaycan üçün çox vacibdir. Bizim ölkəmizdə müxtəlif millətlərin, müxtəlif dini məzhəblərin nümayəndələri tolerantlıq və multikulturalizm şəraitində yaşayır. Bu isə bir daha sübut edir ki, bəşəriyyətin mövcudluğunun və inkişafın yeganə məqbul forması dialoqdur”.

“Mədəniyyətlərin dialoqu və müasir dövrün çağırışları” kitabının redaktoru fəlsəfə elmləri doktoru, Rusiya Federasiyasının Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət Xidməti Akademiyasının professoru, Rusiya Fəlsəfə Cəmiyyətinin birinci vitse-prezidenti Aleksandr Çumakov, nəşrin tərtibçiləri və məsul redaktorları fəlsəfə elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə və Rusiya Fəlsəfə Cəmiyyətinin vitse-prezidentinin müavini Ariz Gözəlovdur.

Qeyd edək ki, Azərbaycan və Rusiya filosoflarının Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edilmiş birgə konfransları 2009-cu ildən Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin təşkilati dəstəyi ilə keçirilir. Əvvəlki konfransların materialları da kitablar şəklində nəşr edilib.