YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Varşavada ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Azərbaycanın Polşadakı səfirliyində Polşa Administrasiyasının və ictimaiyyətinin nümayəndələri, Varşavanın universitetlərində təhsil alan polyak və azərbaycanlı tələbələr, bu ölkədə yaşayan azərbaycanlıların iştirakı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə çıxış edən səfir Həsən Həsənov Heydər Əliyevlə bağlı xatirələrindən, xalqımızın dahi oğlunun keçdiyi şərəfli həyat yolundan bəhs edib. Səfir bildirib ki, ulu öndər Heydər Əliyev fəaliyyətinin hər iki - sovet və müstəqillik dövrlərində eyni ruh yüksəkliyi ilə Azərbaycan üçün çalışıb, həmişə öz xalqının maraqlarını hər şeydən üstün tutub.

Qeyd olunub ki, sovet dövründə Azərbaycanda siyasi sabitlik hökm sürsə də, onun iqtisadi dirçəlişi məhz Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra başlayıb. Ulu Öndərin taleyinə sovet dövründə Moskva ilə qarşı-qarşıya duraraq məsələlərin Azərbaycanın maraqlarına uyğun həll edilməsi kimi ağır tarixi missiya yazılmışdı.

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra Ermənistanın Azərbaycana qarşı haqsız ərazi iddiaları ilə yanaşı, dünyada apardığı güclü təbliğat da işini görürdü. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması çox çətin idi. Heydər Əliyev Azərbaycanın sözünü, haqq işini dövlət başçılarının, tanınmış siyasətçilərin və beynəlxalq təşkilatların diqqətinə çatdıraraq onları inandırmağa nail oldu.

Səfir Həsən Həsənov ümummilli lider Heydər Əliyev tərəfindən müxtəlif səviyyələrdə aparılmış çoxsaylı görüşlər zamanı Azərbaycana laqeyd münasibət göstərən və yaxud reallıqlardan bixəbər olan siyasətçilərin ölkəmizə münasibətlərinin köklü şəkildə dəyişdiyinin canlı şahidi olduğunu auditoriyanın diqqətinə çatdırıb. Bu gün Azərbaycanın beynəlxalq aləmdə formalaşmış müsbət imicinin yaranmasına xidmət edən sistemin təməlinin xalqımızın dahi oğlu Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd edib.

Sonda ümummilli lider Heydər Əliyevə həsr olunan film nümayiş etdirilib.