YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın ABŞ-dakı səfirliyində minlərlə amerikalıya ölkəmizlə bağlı məlumat verilib

Vaşinqtonda ənənəvi “Dünya boyu səfirliklərə səyahət” adlı ictimai-mədəni aksiya keçirilib. Şəhər meriyası tərəfindən təşkil olunan bu aksiyada Azərbaycanın ABŞ-dakı səfirliyi ardıcıl olaraq altı il fəal iştirak edir.

Səfirliyə gələn iki minə yaxın ziyarətçi arasında Vaşinqtonda və yaxın ərazilərdə yaşayan ictimaiyyət nümayəndələri, ABŞ-ın dövlət strukturlarında çalışan əməkdaşlar və diplomatik korpusun nümayəndələri olublar.

Ziyarətçilərə Azərbaycanın coğrafi mövqeyi, zəngin tarixi, milli-mədəni irsi, turizm potensialı və müxtəlif sahələrdə qazandığı böyük uğurlar barədə geniş məlumat verilib. Əyani vəsaitlər, milli geyimlər, bölgələrdən bəhs edən videoçarxlar, xəritə, kitab və müxtəlif nəşrlər nümayiş etdirilib və qonaqlara hədiyyə olunub.

Qonaqlara Azərbaycanın qədim adət-ənənələri, Bakı və bölgələrin füsunkar təbiəti və qonaqpərvərliyi haqqında ətraflı məlumat verilib və onların sualları cavablandırılıb. Bununla yanaşı, 2019-cu ildə Azərbaycan Respublikasının diplomatik xidmətinin 100 illik yubileyi olması barədə qonaqlara məlumat verilib.

Tədbir zamanı xüsusilə Azərbaycan musiqisi və rəqsləri ziyarətçilərdə böyük maraq doğurub. Vaşinqtonda fəaliyyət göstərən “İpək Yolu” rəqs qrupunun ifasında “Naxçıvan Yallısı”, “Nəlbəki”, “Sarı Gəlin”, “Arşın mal alan” və digər milli rəqslərimiz açıq havada və səfirliyin binasında qonaqlara təqdim olunub. Həmçinin bu il ilk dəfə olaraq Vaşinqtonda fəaliyyət göstərən Azərbaycan məktəbinin şagirdləri milli rəqslərimizi nümayiş etdiriblər.

Səfirliyin ərazisində uşaqlar üçün rəsm guşəsi də təşkil olunub. Qonaqlara Azərbaycanın milli kişi və qadın geyimləri, habelə Bakıda keçirilən Formula 1 yarışlarının əhval-ruhiyyəsini yaşatmaq üçün Qoşa Qala qapısı önündə Formula 1 avtomobil maketi fonunda fotoşəkil çəkdirmək imkanı yaradılıb.

Qeyd edək, ki bu il festivala 70 ölkənin səfirliyi qatılıb.