YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamilə Əliyeva: İmzalanan fərmanlar, sərəncamlar, verilən qərarlar Azərbaycan vətəndaşının rifahının daha yüksəldilməsinə xidmət edir

“Prezident İlham Əliyevin ölkə əhalisinin sosial rifahının yüksəldilməsinə dair həyata keçirdiyi işlərin miqyası gündən-günə genişlənir. Dövlətimizin başçısının sosial islahatlar paketi çərçivəsində fərmanlar və sərəncamlar imzalaması prosesi davam edir. Elə ötən gün Prezident İlham Əliyevin I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi haqqında Sərəncam imzalaması bu baxımdan istisna təşkil etmir”. Bunu Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

Kamilə Əliyeva bildirib ki, imzalanmış Sərəncama əsasən, Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura təhsil səviyyələrində, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil müddəti ərzində təhsil haqqı xərcləri 2019/2020-ci tədris ilindən etibarən dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

Deputat diqqətə çatdırıb ki, son bir ildə sosial sahədə atılan mütərəqqi addımlar Azərbaycan vətəndaşının maraqlarının dövlətin həyata keçirdiyi siyasətin mərkəzində dayandığını bir daha təsdiqləyir. Bütün atılan addımlar Prezident İlham Əliyevin güclü sosial siyasətinin başlıca hədəfinin əhalinin rifahının təminatı olduğunu, bu siyasətin əsasında vətəndaş amili, sosial ədalət və humanizm prinsiplərinin dayandığını bir daha təsdiq edir və ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır: “Təsadüfi deyildir ki, seçkilərdə qələbə qazandıqdan sonra Prezident İlham Əliyevin imzaladığı ilk Fərman şəhid vərəsələrinə birdəfəlik ödəmənin verilməsi ilə bağlı olub. Dövlətimizin başçısının ölkənin sosial həyatında inqilabi addımların davamlı xarakter aldığını göstərən qərarları ilə ötən bir il ərzində minimum pensiya məbləği, minimum əməkhaqqı orta hesabla 40 faiz artırıldı. Cənab İlham Əliyevin 2019-cu il 25 fevral tarixli Sərəncamı ilə isə 600 minədək şəxsə, o cümlədən 300 min əlilliyi olan şəxsə yönələn sosial müavinətlər, təqaüdlər orta hesabla 100 faiz artırıldı, əlavə olaraq bir sıra kateqoriyalardan olanlar üçün Prezidentin aylıq təqaüdləri təsis olundu.

Bu ilin fevral ayının sonlarında imzalanan Sərəncamla məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün aylıq müavinət 50 faiz artırıldı ki, bu da minlərlə məcburi köçkünün rifah halının yüksəldilməsinə xidmət edir. Həmçinin bu il 110 minədək tələbənin də təqaüdlərinin ciddi şəkildə artırılması təmin olundu. Azərbaycan Prezidentinin humanizm prinsiplərinə söykənən sosialyönümlü siyasətini, daim hər bir vətəndaşının yanında olduğunu təsdiqləyən digər bir addım isə 800 mindən çox insanın problemli kredit məsələsini aradan qaldıracaq Fərman oldu. Dövlətimizin başçısı tərəfindən imzalanan daha bir Fərmanla isə istismarına icazə verilməmiş çoxmənzilli yaşayış binalarının sakinlərindən ibarət 350-400 min insanın mənafeyi təmin olundu. Dövlət başçısı son bir neçə ayda imzaladığı sosialyönümlü Sərəncam və fərmanlara aprelin 15-də daha birini də əlavə etdi. Fərmana görə, müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin 80 manat məbləğində təqaüdü təsis olundu”.

Kamilə Əliyeva əlavə edib ki, imzalanan fərmanlar, sərəncamlar, verilən qərarlar Azərbaycan vətəndaşının rifahının daha yüksəldilməsinə xidmət edir.