YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Azərbaycan cəmiyyətində bugünkü müxalifətə inam qalmayıb

“Azərbaycanda söz, mətbuat, fikir, vicdan azadlığı təmin olunub. İstənilən insan öz fikrini açıq şəkildə ifadə etmək imkanına malikdir. Eyni zamanda insanların siyasi hüquq və azadlıqları təmin olunub, ayrı-ayrı siyasi təşkilatlarda birləşə bilirlər, Azərbaycanda çoxlu sayda müxalifət partiyaları var. Reallıq ondan ibarətdir ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət xalqımız tərəfindən birmənalı şəkildə dəstəklənir. Bunun üçün ciddi əsaslar var. Bu əsaslar Azərbaycanın inkişafı, müasirləşmə, yeniləşmə, insanların təhlükəsizliyinin qorunması və özlərini sərbəst hiss etməsi ilə əlaqədardır. Digər bir məqam isə əhalinin sosial rifahının yüksək səviyyədə təmin olunmasıdır”. Bu fikirləri Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib.

Əli Əhmədov bildirib ki, son bir neçə ay ərzində Prezident İlham Əliyevin sərəncamları ilə müxtəlif kateqoriyadan olan insanların rifahının yaxşılaşdırılması ilə bağlı addımlar atılıb. Əmək haqları, pensiyalar, müavinətlər, tələbə təqaüdlərinin artırılmasına dövlət tərəfindən böyük vəsaitlər xərclənir. Bütün bunlar birmənalı şəkildə insanların hakimiyyətə olan münasibətinin daha da yaxşılaşması üçün zəmin yaradır. Tam qətiyyətlə deyə bilərik ki, Azərbaycan vətəndaşları mütləq çoxluq etibarilə Prezident İlham Əliyevi, onun həyata keçirdiyi siyasəti dəstəkləyirlər. Bu da təbii olaraq hakimiyyətdə olan partiyanın elektoratının sayını artırır. Belə olan halda isə müxalifətin elektoratı azalır.

“Müxalifət öz elektoratını formalaşdırıb möhkəmləndirmək üçün mükəmməl konsepsiya və strategiya ortaya qoya bilmir. Bir neçə ildir ki, əks qütbdə olanlar normal bir siyasi platforma müəyyənləşdirib əsas hədəf və niyyətlərini insanlara çatdıra bilməyiblər. Buna görə də Azərbaycan cəmiyyətində bugünkü müxalifətə inam qalmayıb. Bunu mütləq şəkildə etiraf etmək lazımdır. Müxalifət itirdiyi mövqelərini yanlış yolla bərpa etməyə çalışır. Bu da söyüş, təhqir, böhtan kampaniyasıdır. Bu isə istənilən halda başucalığı gətirmir. Eyni zamanda bu kampaniya onların tərəfdarlarının sayını da azaldır.Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu gün müasir texnologiyaların yaratdığı imkanlardan çirkin məqsədlə istifadə edənlər var. Onlar sosial şəbəkələrdə saxta profillər, yalançı adlarla az sayda insanlar cəlb etməklə hakimiyyətdə olanları təhqir edir, cəmiyyətin hörmətli üzvlərini təhqirə, mənəvi terrora məruz qoyurlar. Təhqir və böhtanla hakimiyyət uğrunda mübarizə aparmaq mümkün deyil. Əgər hakimiyyət uğrunda mübarizə aparırsansa, düzgün olmalı, insan hüquqlarına hörmətlə yanaşmalısan. Böhtanla imic formalaşdırmaq mümkün deyil. Bugünkü müxalifət nümayəndələrinin əksəriyyəti yalnız söyüş söyən, təhqir edən bir marginal bir qrupa çevrilib. Bu, cəmiyyət üçün böyük təhlükə mənbəyidir. Yalnız onların düz yola gələcəyi təqdirdə normal bir situasiya yaranar. Təəssüf ki, bu gün müxalifət yalan və böhtan təqdim edir. Bu cür insanlarla dialoq aparmaq qeyri-mümkündür”-deyə, Əli Əhmədov vurğulayıb.