YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Beynəlxalq birliyin dialoq məkanı kimi Azərbaycanı seçməsi təsadüfi deyil

“Bu gün Azərbaycan dünya miqyasında beynəxalq dialoq məkanı, sabitləşdirici, sülhsevər ölkə kimi tanınır. Təbii ki, belə müsbət imicin formalaşması uzun illər ərzində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlərin gərgin səylərin nəticəsində mümkün olub. Ölkəmiz artıq neçə illərdir ki, beynəlxalq tədbirlərə ev sahibliyi edir, dünyanın bir çox dövlətindən nüfuzlu siyasi, ictimai və dövlət xadimləri bu tədbirlərdə iştirak etmək üçün Azərbaycana gəlir, ölkəmizin sürətli inkişafını, həqiqətləri, reallıqları öz gözləri ilə görürlər. Mayın 2-də Bakıda “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında öz işinə başlayan V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Forumda 100-dən çox ölkənin, 30-dan çox beynəlxalq təşkilatın yüksək səviyyəli rəsmi şəxsləri iştirak edirlər. Bu göstərici bir daha Azərbaycanın beynəlxalq dialoq məkanı kimi çəkisini daha da artırır, nüfuzunu yüksəldir”. Bu fikirləri YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında söyləyib.

Vüqar Rəhimzadə bildirib ki, möhtərəm Prezidentimizin təşəbbüsü ilə paytaxt Bakıda təşkil olunan bu beynəlxalq tədbirlər regionumuza və dünyaya sabitlik, sülh, əmin-amanlıq vəd edir: “2008-ci ildən start götürən “Bakı Prosesi” bu illər ərzində müxtəlif qitələri təmsil edən, dinindən, irqindən, etnik mənsubiyyətindən asılı olmayaraq hər kəsi öz ətrafına toplamağı bacarıb. İldən-ilə coğrafiyası genişlənən bu dəfəki Forumda Böyük Britaniya, Səudiyyə Ərəbistanı, hətta Okeanın o tayından ölkələrin təmsilçiləri iştirak edirlər. Hesab edirəm ki, V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu builki şüarından da göründüyü kimi, ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişələrə qarşı fəaliyyət naminə dialoq qurmaq baxımından faydalı olacaq”.

“İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, bu kimi beynəlxalq əhəmiyyətli tədbirlərin Azərbaycanda keçirilməsi təsadüfi xarakter daşımır: ”Möhtərəm Prezidentimizin təşəbbüsü ilə 2016-cı il Azərbaycanda “Multikulturalizm İli”, 2017-ci ilin isə “İslam Həmrəyliyi İli” elan edilib. Multikulturalizm ölkəmizdə dövlət siyasətinin əsas tərkib hissəsidir. Bu, tarixən də belə olub. Yüzilliklər boyu müxtəlif dinlərə, mədəniyyətlərə mənsub insanlar Azərbaycan ərazisində mehriban, sülh və təhlükəsizlik şəraitində yaşayıblar. Ona görə də beynəlxalq birliyin dialoq məkanı kimi Azərbaycanı seçməsi təsadüfi deyil. Hesab edirəm ki, bu Forum da kifayət qədər ciddi müzakirə mövzuları ilə zəngin və məhsuldar olacaq”.

DİGƏR Xəbərlər Arxiv