YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində III akademik forum keçirilir

Mayın 1-də Bakıda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Dinlərarası dialoq və dini müxtəlifliyin idarə olunması” mövzusunda III akademik forum keçirilir.

UNESCO-nun mədəniyyətlərarası dialoq şöbəsinin müdiri Ann-Belinda Preisin moderatorluğu ilə keçirilən tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva mədəniyyətlərarası dialoq sahəsində müzakirələrin xüsusi əhəmiyyəti olduğunu qeyd edib. Bildirib ki, bu sahədə bütün dünyada elmi araşdırmaların artması təqdirəlayiqdir. Mədəniyyətlərarası dialoqun elmi cəhətdən araşdırılması olduqca əhəmiyyətlidir.

Sevda Məmmədəliyeva Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüskarı olduğu “Bakı Prosesi” barədə ətraflı məlumat verib. Bildirilib ki, “Bakı Prosesi” çərçivəsində Azərbaycanda bir çox mühüm beynəlxalq tədbirlər keçirilib. Bu tədbirlərdə dünyanın ictimai, siyasi, din xadimləri, alimlər iştirak ediblər.

Azərbaycanda dövlət-din münasibətlərinə toxunan nazir müavini qeyd edib ki, ölkəmizdə din dövlətdən ayrı olsa da, dindarlar xüsusi qayğı ilə əhatə ediliblər.

Mədəniyyətlərarası anlaşma üçün dinlərarası dialoqda UNIWIN şəbəkəsinin əlaqələndiricisi Fəthi Mənsuri Yeni Zelandiyada, Şri-Lankada törədilən terror aktları barədə danışıb. Bildirib ki, bu hadisələr əksər hallarda dini savadsızlıq səbəbindən baş verir. O, həmçinin dinlərarası dialoqun olmamasının bu kimi xoşagəlməz halların baş verməsində rolunu qeyd edib.

Dünyada dinlərarası dialoqun qurulması istiqamətində görülən işlərdən danışan BMT-nin din və inkişaf üzrə qurumlararası işçi qrupunun əlaqələndiricisi Azza Kərəm bu sahədə müəyyən uğurlara nail olunmasına baxmayaraq, hələ də çox sayda problemlərin qaldığını deyib. Əlavə edib ki, son zamanlar dünyada yaşanan faciəvi hadisələr dinlərarası dialoq sahəsində hələ xeyli işlər görülməli olduğunu bir daha təsdiq edir.

Tədbir mövzu ətrafında müzakirələrlə davam edir.