YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ölkəmiz Ümumdünya Gömrük Təşkilatının Avropa regionuna rəhbərlik edəcək

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Ümumdünya Gömrük Təşkilatı (ÜGT) Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin Konfransı başa çatıb.

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən bildirilib ki, konfransda Ümumdünya Gömrük Təşkilatı Avropa regionunun tranzit sistemlərinin uyğunlaşdırılması, ÜGT-də əlavə dillərin istifadəsi, ÜGT-yə qoşulma ilə əlaqədar işçi qrupun fəaliyyətinin nəticələri, ÜGT-də fəaliyyətin qiymətləndirilməsi alətinin hazırlanması, 2019-2022-ci illər üzrə hazırlanacaq Strateji Planda Avropa regionunun prioritetləri, ÜGT-nin qayda və prosedurlarının təkmilləşdirilməsi, ÜGT-nin regional laboratoriyalarının texniki şərtlərinin qəbul edilməsi, habelə ÜGT Avropa regionunun ÜGT-nin Komitə və orqanlarında təmsil edilməsi məsələləri müzakirə edilib.

Konfransda ÜGT-nin Potensialın Gücləndirilməsi üzrə Bakıda yerləşən Avropa Regional Ofisinin rəhbərinin və ÜGT-nin Maliyyə Komitəsinin sədrinin hesabatları dinlənilib və bundan sonra Ümumdünya Gömrük Təşkilatının Gömrük Əməkdaşlıq Şurasının sədr müavini, Avropa regionu üzrə rəhbəri vəzifəsinə seçkilər keçirilib.

Seçkilər zamanı ayrılmış vaxtın sonuncu saatında qeyd olunan vəzifəyə Avropa İttifaqı tərəfindən Yunanıstanın namizədliyi irəli sürülüb. Məhz bu namizədlik Avropa İttifaqı tərəfindən dəstəkləndiyi üçün gərgin müzakirələr aparılıb. Ümumi razılıq əldə olunmadığından məsələnin müzakirəsi növbəti günə keçirilib. Bununla əlaqədar, Azərbaycan nümayəndə heyətinin gün boyunca Avropa İttifaqının nümayəndələri, o cümlədən Yunanıstan, Böyük Britaniya və Rusiya gömrük xidmətlərinin rəhbər vəzifəli şəxsləri ilə məsələyə dair geniş spektrli müzakirələri aparılıb.

Konfransın öz işini davam etdirdiyi dövrdə məsələ yenidən müzakirə edilib və Böyük Britaniya gömrük xidmətinin rəhbəri Azərbaycanın namizədliyi barədə öz müsbət mövqeyini bildirib. Bununla yanaşı, Qazaxıstan, Türkiyə, Belarus gömrük xidmətlərinin nümayəndələri də müsbət rəylə çıxış edib. Gərgin keçən müzakirələrdən sonra Azərbaycan iki il müddətinə Ümumdünya Gömrük Təşkilatının Gömrük Əməkdaşlıq Şurasının sədr müavini, Avropa regionu üzrə rəhbər seçilib.

Sonra Azərbaycan tərəfi sədr müavinliyi çərçivəsində görüləcək işlər ilə əlaqədar olaraq proqram xarakterli təqdimatla çıxış edib.