YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elçin Quliyev: Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkandır

“Azərbaycan Cənubi Qafqaz regionunun lider dövləti olaraq beynəlxalq müstəvidə böyük nüfuza sahibdir. Mötəbər beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsinin əsas səbəbləridən biri də məhz bu faktordur”. Bu fikirləri Milli Məclisin deputatı Elçin Quliyev deyib.

E.Quliyev bildirib ki, ölkəmiz müasir dünyada etibarlı tərəfdaş kimi tanınır. Eyni zamanda,  Azərbaycan həm də beynəlxalq dialoq və əməkdaşlıq məkanıdır. Onun sözlərinə görə, respublikamız sivilizasiyalararası dialoqun inkişafına əhəmiyyətli töhfələr verməklə yanaşı, mühüm siyasi, iqtisadi, mədəni, humanitar və idman xarakterli beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir.

“Bugünlər Bakı şəhərində nüfuzlu “Formula 1” yarışları keçirilir. “Formula 1” dünyanın ən populyar idman yarışlarından biridir. Bu yarışları yüz milyonlarla insan izləyir. Yarışları canlı izləmək üçün minlərlə turist ölkəmizə gəlir. Araşdırmalar göstərir ki, “Formula 1” yarışlarını izləmək üçün ölkəmizə gələn əcnəbilərin sayı ildən ilə artır. Bu da  həm iqtisadi gəlirlərimizin artmasına, həm də turizm imkanlarının genişlənməsinə səbəb olub. Onu da qeyd edim ki, nüfuzlu beynəlxalq tədbirlərin, o cümlədən idman yarışlarının ölkəmizdə keçirilməsi heç də təsadüfi deyil. Bunun üçün sosial-iqtisadi inkişaf, sabitlik və təhlükəsizlik başlıca şərtlərdən biridir. Prezident İlham Əliyevin siyasəti nəticəsində bu gün Azərbaycan dünyada sabitlik adası kimi qəbul olunur. Bu mənada, çoxsaylı beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi üçün ciddi əsasları var. Təəssüf ki, ölkəmizin uğurlarını gözü götürməyən müəyyən dairələr Azərbaycanın imicinə zərbə vurmağa çalışırlar. Son günlər onlar yenə də qarayaxma kampaniyası aparırlar. Amma bu dairələr bilməlidir ki, belə cəhdlər hər zaman iflasa məhkumdur. Çünki Azərbaycan xalqı onların gerçək niyyətlərini yaxşı bilir və ölkəmizdə sabitliyin pozulmasına heç vaxt imkan verməyəcək”-deyə, deputat vurğulayıb.